Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İsabalayeva/
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün bazar ertəsi Qazaxıstanın Almatı şəhərinə səfərə yola düşüb.
Milli Məclisdən bazar ertəsi Trend-ə bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Arif Rəhimzadə, Rüfət Quliyev, Hacı Salayev, Rauf Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində nümayəndə heyəti MDB Parlamentlərarası Assambleya Şurasının qurumun 20 illiyinə həsr olunmuş iclasında iştirak edəcək, yubiley münasibətilə burada keçiriləcək tədbirlərə qatılacaq.
Məlumata görə, Əsədovun tədbirdə iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Görüşlərdə MDB PA-nın bu günü, qurum çərçivəsində əlaqələrin gələcək inkişafı, təşkilata üzv dövlətlərin qanunverici orqanları səviyyəsində münasibətlərin dərinləşməsi, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər martın 28-də başa çatacaq.