Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 21-dən 23-dək Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 38-ci plenar iclasında iştirak edəcək.
Trend-in məlumatına görə, nümayəndə heyətinin üzvləri MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə, Elm və təhsil üzrə daimi komitələrinin iclaslarında iştirak edəcəklər. Millət vəkilləri Bioloji təhlükəsizlik üzrə MDB-yə üzv ölkələrin ümumi informasiya sisteminin formalaşmasına dair dövlətlərarası sazişin hazırlanması ilə əlaqədar işçi qrupunun iclasına qatılacaq, məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər.
Azərbaycan deputatları "Çingiz Aytmatov dünyası: mədəniyyətlərin inteqrasiyası və dialoq" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qurumun gələcək fəaliyyət istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Elton Məmmədov, Aslan Cəfərov, Rüfət Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.