Azərbaycan, Bakı, 10 iyun /Trend/
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1296-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, Məcəllənin 151-ci maddəsi nin sanksiyası aşağıdakı redaksiyada verilir:
"bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
152-ci maddənin mətni aşağıdakı redaksiyada verilir:
"152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə -
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə -
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır".
153-cü maddənin mətni aşağıdakı redaksiyada verilir:
"153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə -
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə -
bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Həmçinin, aşağıdakı məzmunda 171.2.3-cü maddə əlavə edilir:
"171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə -".
Bundan başqa, 240-cı maddəyə aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilir:
"Qeyd: Bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə onların külli miqdarı qanunla müəyyən edilir".