Bakı. Trend:
Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində diaspor nümayəndələrinin Azərbaycan Milli Məclisində Ukrayna Parlamenti ilə Dostluq Qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyevlə görüşü olub.
Trend-in məlumatına görə, görüşdə çıxış edən UABD sədri Hikmət Cavadov Azərbaycan dövləti və parlamenti tərəfindən Ukraynada yaşayan azərbaycanlılara hər zaman diqqət göstərildiyini vurğulayıb: “Azərbaycanın rəsmi şəxsləri və parlament üzvləri Kiyevə səfərləri zamanı diaspor təşkilatlarının problemləri ilə maraqlanır, onların həlli yolunda diqqətlərini əsirgəmirlər. Dövlətimizin və parlament nümayəndələrimizin bu qayğısı Ukraynada yaşayan azərbaycanlıları hədsiz sevindirir. Biz Ukraynada yaşayan azərbaycanlılar çalışırıq ki, Azərbaycanın inkişafı naminə əlimizdən gələni əsirgəməyək”.
H.Cavadov Azərbaycanın Ukraynadakı səfirliyinin də hər zaman diaspor fəaliyyətinə dəstək verdiyini vurğulayıb.
Azərbaycan Milli Məclisində Ukrayna Parlamenti ilə Dostluq Qrupunun rəhbəri, millət vəkili R.Quliyev diaspor fəallarını harada yaşamalarından asılı olmayaraq hər zaman dövlətimizə dəstək verməyə çağırıb: “Siz Ukraynada yaşayan soydaşlarımız Azərbaycan dövlətinin qayğısını və dəstəyini hər zaman hiss edirsiniz. Sizin işiniz Ukraynada yaşayan azərbaycanlıları vahid çətir altında birləşdirməklə yanaşı, xalq diplomatiyası yolu ilə mədəniyyətimiz, tariximiz, inkişafımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqıqnda Ukrayna ictimaiyyətinə həqiqətləri çatdırmaqdan ibarətdir".
Görüşdə Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi polkovnik Şahin Qocayev bildirib ki, son günlər Azərbaycan mətbuatında soydaşlarımızın oğurlanması məsələsi barəsində statistika şişirdilərək Azərbaycan ictimaiyyətinə təqdim olunur və bundan da insanlar təşvişə düşür. Məsələ ilə əlaqədar hər iki ölkənin baş prokurorları səviyyəsində müzakirələr aparılır. Açılan cinayət işlərinin gedişi Azərbaycan DİN-in və Baş Prokurorluğunun diqqət mərkəzindədir.
Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Mübariz Cəfərov referendumla bağlı məlumat verib: “Referendumda Ukraynada yaşayan Azərbaycan vətəndaşları fəal iştirak ediblər. Diasporla bağlı problemlər isə səfirlik tərəfindən diqqətlə öyrənilir və onların həlli istiqamətində müvafiq işlər aparılır”.
Görüşdə Ukraynada yaşayan Azərbaycan diasporunun fəalları çıxış ediblər.