Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) "Formula 1" Avropa Qran Prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Trend-ə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, artıq adıçəkilən tədbirlə əlaqədar paytaxtın küçə və prospektləri nəzarətə götürülüb:
Bayıl, 20-ci sahə qəsəbələrindən şəhərə gəlmək üçün dağüstü yolla Badamdar qəsəbəsi istiqamətinə və yaxud Qurban Abbasov, Xanlar və Teymur Elçin küçələri ilə hərəkət müəyyənləşdirilib.
Həmçinin bölgələrdən paytaxta və Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət 3-cü Kənar Dairəvi yol vasitəsilə 20 Yanvar dairəsindən keçməklə Ziya Bünyadov prospekti ilə tənzimlənir.
V.Əsədov bildirib ki, yol polisi tədbir tam başa çatana qədər gücləndirilmiş iş rejimində işləyəcək.