...

IV İslam Həmrəyliyi oyunları ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq (FOTO)

Cəmiyyət Materials 15 Mart 2017 18:38 (UTC +04:00)
Bilik Fondu və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri ilə görüşüb, tələbələrlə maarifləndirici söhbət aparıblar.
IV İslam Həmrəyliyi oyunları ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq (FOTO)

Bakı. Trend:

Bilik Fondu və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri ilə görüşüb, tələbələrlə maarifləndirici söhbət aparıblar.

Fonddan Trend-ə verilən məlumata görə, kollecdə reallaşan görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru, i.f.d. Həmzə Ziyadov İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğinə geniş imkan yaradacaq. O deyib ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır və belə idman yarışlarının təşkili bu mövqenin bir daha möhkəmlənməsinə səbəb olur.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycanın dəfələrlə mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq IV İslam Həmrəyliyi Oyunlarının həm də dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına bir təkan verəcəyini diqqətə çatdırıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən hazırlıq tədbirlərini yüksək dəyərləndirən İ.Vəliyev onu da deyib ki, oyunlar zamanı qonaqlar Azərbaycandakı multikultural ənənələrlə əyani tanış olacaq və ölkəmizə yaxından bələd olacaqlar.

Daha sonra IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi Könül Nurullayeva çıxış edərək bildirib ki, uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca ölkəmizdə növbəti İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. O, qeyd edib ki, I Bakı Avropa Oyunlarında qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi İslam Həmrəyliyi Oyunlarında daha mütəşəkkil və daha mötəbər olacaq. Təşkilat Komitəsinin katibi onu da diqqətə çatdırıb ki, 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı oyunların 2017-ci il mayın 22-də başlayacağı nəzərdə tutulub.

Sonda İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti