Bakı. Trend:
4 may 2024-cü il tarixində nazir Ceyhun Bayramov Qambiyaya
işgüzar səfəri çərçivəsində Somali Federativ Respublikasının Baş
nazirinin müavini Salah Ahmed Jama ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər
beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT
çərçivəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə
ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və
təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi
vurğulanıb.
Görüş zamanı nazir, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi
dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda
təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün səylərini
əsirgəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı, alternativ
enerji, habelə təhsil-humanitar sahədə tərəfdaşlığın inkişafı üçün
geniş potensialın olduğunu bildiriblər. Ölkəmizin İslam Əməkdaşlıq
Təşkilatı ölkələri üçün müəyyən edilmiş təqaüd proqramında
Somalidən tələbələrin iştirakının təqdirəlayiq olduğunu
bildirilib.
Bununla yanaşı, cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.