...

Mətbuat Şurası seçkidən sonra bölgələrdə maarifləndirici tədbirlər keçirəcək

Cəmiyyət Materials 1 Noyabr 2005 19:48 (UTC +04:00)

Mətbuat Şurası jurnalistlərlə hüquq-mühafizə orqanları ilə münasibətlərinin tənzimlənməsinə dair bölgələrdə maarifləndirici tədbirlər keçirir. Bu barədə Trend ə Mətbuat Şurasının (MŞ) icraçı katibi Rəhim Hüseynzadə məlumat verib.

O, bildirib ki, maarifləndirmə məqsədilə sonuncu dəfə Gəncədə tədbir keçirilib. Həmin tədbirdə jurnalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli icra nümayəndələri iştirak ediblər. MŞ təmsilçiləri onlara kütləvi aksiyalarda jurnalistlərin və polislərin öz vəzifələrini necə icra etmələri, qarşılıqlı münasibətlərinə, davranışlarına dair bilgi veriblər. Kütləvi aksiyalarda iştirak zamanı geyinməsi məqsədilə jurnalistlər üçün hazırlanmış xüsusi jilet və KİV-lərin avtomobillərinə verilmiş press-kartlar nümayiş olunub. Gəncədə yerli jurnalistlərə də həmin jiletlər və press-kartlar təqdim olunub.

R.Hüseynzadənin sözlərinə görə, bu silsilədən olan növbəti tədbirlər Azərbaycanın cənub bölgələrində keçiriləcək. Amma növbəti tədbirlərin artıq parlament seçkisindən sonra keçiriləcəyi gözlənilir.

Mətbuat Şurası noyabrın 2-də "Seçkilər: deputatlığa namizədlər kütləvi informasiya vasitələrindən niyə narazıdırlar?" mövzusunda seminar keçirəcək. Tədbirdə KİV-lərin seçki prosesini işıqlandırması, bu zaman peşə prinsiplərinə nə dərəcədə əməl etməsi, namizədlərlə işin qurulması, jurnalistlərin seçki prosesinə hansı şəkildə cəlb olunması, namizədləri narazı salan səbəblər və digər mühüm məsələlər ətrafında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti