...

Qərbin yeni Ukrayna planı: Gürcüstan

Siyasət Materials 4 May 2024 23:00 (UTC +04:00)
Qərbin yeni Ukrayna planı: Gürcüstan
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin növbəti hədəfi Gürcüstanı Ukraynaya çevirməkdir. Gürcüstanda baş verən hadisələr eyni ssenari üzrə gedir. 2004-cü ildə Qərb dairələri tərəfindən hakimiyyətə gətirilmiş Saakaşviliyə sözdə vədələr verilərək Rusiya ilə qarşı-qarşıya qoyuldu.

Nəticə nə oldu? Gürcüstan ərazilərini itirdi, Rusiya qoşunları isə Tbilisinin bir neçə km yaxınlığına gəlib çatdılar. Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və nəticədə uduzan Gürcüstan oldu.

İndi isə tarix yenidən təkərrür edir. Gürcü xalqı isə artıq baş verənlərə daha realist yanaşır. 2004 cü ildən fərqli olaraq, gürcü xalqı təhlükəni görür və avantüraya getmir. Hazırki baş verənlər isə Gürcüstan hakimiyyətinin qabaqlayıcı planlar qurmamasının nəticəsidir. Belə ki, ötən illər ərzində Qərb Gürcüatanda çox güclü şəbəkə qurub. Gürcüstanda fəaliyyət göstərən 25 minə yaxın QHT nin böyük hissəsini maliyyələşdirir və öz iradəsinə uyğun idarə edir.

Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib, aşağı işlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu. Hər dəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsasları laxladılır.

Hadisələrin belə inkişaf etməsi ən pis halda Gürcüstanın yeni Ukraynaya çevrilməsi ilə nəticələnəcək. Yaxşı halda isə gürcü xalqı milli identikliyi olmayan topluma çevriləcək. Hazırda gürcü cəmiyyətinin müqaviməti Amerikanın və Qərbin regiondan qovulması prosesinin təzahürüdür.

Qərb dairələri anoloji hadisələri Azərbaycanda da törətmək fikrində idilər. Lakin 2010-cu ildən etibarən Qərbin, Amerikanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı. Qərbli təxribatçıların Azərbaycan cəmiyyətini, gənclərini qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı.QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü.

Maraqlı bir faktı qeyd edək ki, bu gün Gürcüstanda xarici agent qanununun qəbul olunmasına qarşı sərt çıxış edən Amerika özü bu qanunu hamıdan əvvəl qəbul edib, Aİ də də müvafiq hüquqi aktlar fəaliyyətdədir.

ABŞ, Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, sanksiyaların heç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geri çəkiləcəklər.

2000-lərin əvvəlində Gürcüstanda həyata keçirilən ssenari isə bu gün Ermənistanda təkrarlanır. Paşinyanı da Saakaşvilinin aqibəti gözləyir.

Təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Buna görə də ciddi cəhdlə Abzas media, Toplum TV kimi layihələri müdafiə edir, qanunları pozduqlarına görə məhkəmə qərarı ilə həbs olunmuş şəxslərin azadlığa buraxılmasına nail olmağa çalışır.

Lakin Azərbaycan artıq bütün beynəlxalq dairələr, böyük güclərə müstəqil siyasət yürütdüyünü, xalqın maraqlarının hər şeydən üstün olduğunu dəfələrlə sərgiləyib. Bütün təzyiq və təsirlərin heç bir faydası yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti