...

Penitensiar sistemdə yüksək vəzifədə çalışmış 9 nəfərdən ibarət cinayətkar qrupun məhkəməsinə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 31 Yanvar 2006 16:20 (UTC +04:00)

Yanvarın 31-də Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə penitensiar sistemdə yüksək vəzifədə çalışmış 9 nəfərdən ibarət cinayətkar qrupun məhkəməsinə hazırlıq iclası keçirilib. Trend xəbər verir ki, iclasın gedişatında hakim təqsirləndirilən şəxslərdən biri Vaqif Şükürovun səhhətində problemləri nəzərə alaraq onun cinayət işinin ümumi cinayət işindən ayrılaraq başqa icraata verilməsi barədə qərar çıxarıb.

Müttəhimlər kürsüsündə 7 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Salman Nəcəfov, həmin müəssisənin xüsusi şöbəsinin sabiq rəisi Vaqif Şükürov, Müalicə Müəssisəsinin sabiq rəisi Nizami Nağıyev, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) digər keçmiş vəzifəli şəxsləri Səlahəddin Şirinov, Vəli Vəliyev, Yadigar Qurbanov, Elşad Quliyev və Xəqani Həşimov əyləşib.

Həmin şəxslər Ali Məhkəmə adından saxta sənəd tərtib edərək həmin müəssisədə cəza çəkən ümumilikdə 18 dustağı azadlığa buraxmaqda təqsirli bilinir. İstintaq yolu ilə şöbə rəisi V.Şükürovun saxta sənəd tərtib etməsi və rüşvət alması, müəssisə rəisi Salman Nəcəfovun saxta məhkəmə sənədlərini araşdırmadan icraya yönəltməsi, müalicə müəssisəsinin rəisi Nizami Nağıyevin isə məhkumların cinayətlərinin ağırlığını araşdırmadan onların şərti azadlığa buraxmasında iştirak etməsi sübuta yetirilib.

Təqsirləndirilənlərə qarşı yekun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 (mütəşəkkil dəstə tərəfindən özgəsinin əmlakının mənimsənilməsi), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) və 310.3 (vəzifə saxtakarlığı) maddələri irəli sürülüb.

Məhkəmə iclasında hakimin elan etdiyi qərarla məhkəmə baxışı fevralın 7-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti