...

Azərbaycanda şahmat üzrə Dünya Kuboku yeni sarayda keçiriləcək

İdman Materials 28 Noyabr 2012 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir A.Axundov/

Bakıda Şahmat Sarayının tikintisinə 2013-cü ildə başlanılacaq. Bu barədə 2015-ci il şahmat üzrə Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi haqqında müqavilənin imzalanması mərasimində Azərbaycan Şahmat Federasiyasının rəhbəri Elman Rüstəmov bildirib.

"Sarayın tikinti layihəsi artıq hazırdır. Hazırda layihə Mərkəzi Bankın, Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin müzakirəsindədir", - Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, saray həmin tədbirlərin başlanmasına qədər istismara veriləcək.

Federasiya rəhbərinin sözlərinə görə, bu tədbirlərin Bakıda keçirilməsi ölkənin artan nüfuzunun və onun idmançılarının əldə etdikləri uğurların sübutudur.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Olimpiadada rekord sayda komandaların iştirakı gözlənilir. Belə ki, tədbirdə dünyanın 170-dən artıq ölkəsini üç minə yaxın iştirakçı təmsil edəcək.

Onun sözlərinə görə, artıq xarici konsaltinq şirkətləri ilə tədbirin təşkili üçün xidmətlərin göstərilməsi üzrə danışıqlar başlayıb.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinovun dediyi kimi, bu tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil, çünki ölkə rəhbərliyi şahmatın inkişafı və populyarlaşması üçün çox işlər görür.

"Azərbaycan FIDE-nin 177 üzvü arasında şahmatın inkişafı üzrə dövlət proqramının qəbul edildiyi yeganə ölkədir", - o vurğulayıb.

Onun sözlərinə görə, müqaviləyə əsasən, Azərbaycanın Dünya Kubokunda əlavə olaraq müsabiqədənkənar üç idmançı ilə iştirak etmək hüququ var. Bundan başqa, ölkəni Şahmat Olimpiadasında yalnız böyüklərdən və gənclərdən ibarət yığma deyil, həm də uşaq yığması təmsil edə biləcək.

İlyumjinov bildirib ki, müqavilə 2016-cı ildə FIDE-nin Baş Assambleyasının keçirilməsini də nəzərdə tutur.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun sözlərinə görə, müqavilənin şərtlərinə görə Azərbaycan Dünya Kubokunun keçirilməsinə üç milyon avro, Olimpiadanın keçirilməsinə isə 12 milyon avro xərcləməyi öhdəsinə götürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti