...

"Mançester Yunayted" Yay Futbol Məktəbi ikinci dəfə Azərbaycanda! (FOTO)

Telekommunikasiya Materials 22 Aprel 2014 17:52 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “Mançester Yunayted” Yay Futbol Məktəbini ikinci dəfə Azərbaycana gətirir.
"Mançester Yunayted" Yay Futbol Məktəbi ikinci dəfə Azərbaycanda!  (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Mançester Yunayted" Yay Futbol Məktəbini ikinci dəfə Azərbaycana gətirir.

Layihə çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Azərbaycanın 5 bölgəsində seçim turları təşkil olunur. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad Bakıda təşkil olunan və "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edəcək.

Seçim turları aşağıdakı tarixlərdə Tovuz, Gəncə, Qax, Sumqayıt və Bakıda keçiriləcək:

Tovuz şəhər stadionu

Ünvan: Tovuz ş. Səməd Vurğun küç. 34

5 may - qeydiyyat

6-7 may - seçim

Gəncə, AFFA-nın süni örtüklü meydançası

Ünvan: Gəncə ş. Nizami Gəncəvi küç. 24

8 may - qeydiyyat

9-10 may - seçim

Qax şəhər stadionu

Ünvan: Aydın Məmmədov küç. 42

11 may - qeydiyyat

12-13 may - seçim

Sumqayıt FK-nın stadionu

Ünvan: Sumqayıt ş. Səməd Vurğun küç. 25

14 may - qeydiyyat

15-16 may - seçim

Bakı, Bayıl stadionu

Ünvan: Səbail r-nu, Salyan şossesi 23, 20-ci sahə

18 may - qeydiyyat

19-20 may - seçim

Seçimlər AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Azərbaycan Premyer Liqasının klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə keçiriləcək. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetiriləcək. Ödənişsiz əsaslarla keçiriləcək seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.

Seçim turundan uğurla keçən uşaqlar 2-5 iyun tarixlərində Bakıdakı "Dalğa Arena" stadionunda təşkil olunacaq və "Mançester Yunayted"in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər.

Bakcell-in baş marketinq direktoru Aynur Abjanova deyib: "Mançester Yunayted" Yay Futbol Məktəbinin keçən ilki nəticələri həm Azərbaycan futbolu, həm onun iştirakçıları, həm də Bakcell və AFFA üçün çox böyük uğur idi. Biz inanırıq ki, bu uğur ölkənin müxtəlif regionlarında yaşayan və böyük potensiala malik olan uşaqlar üçün bir stimula çevrilib və onlar bu dəfəki yay məktəbində də böyük həvəslə iştirak edəcəklər. Biz bu yay məktəbinin ən azı, keçən ilki qədər uğurlu olmasını gözləyirik".

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib: "AFFA və Bakcell şirkətinin əməkdaşlığı çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin seçim turlarının və məşqlərinin Azərbaycanda təşkili uşaq futbolunun inkişafına öz töhfəsini verib. Biz artıq ikinci dəfə bu uğurlu təcrübədən yararlanmağı məqsədəuyğun saydıq. Ötən il Bakıda keçirilmiş təlim-məşq toplanışında seçilən 6 gənc istedad Mançester şəhərinə səfər edib əfsanəvi "Old Trafford" stadionu, "Mançester Yunayted" Futbol Akademiyası ilə tanış oldu, eləcə də "Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etdi. İştirakçılardan biri - Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək "Mançester Yunayted" Yay Futbol Məktəblərinin "World Skills" finalına qədər yüksəldi. Bu nəticələr bizə gələcəyə ümidlə baxmağa əsas verir və inanırıq ki, builki yay məktəbi də uğurlu olacaq, Azərbaycan futbolunun inkişafına daha bir töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti