Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir N.İsmayılova/
2010-cu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye istehsalı 4,7 milyard manat təşkil edib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisindən 6,7% çoxdur. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövrü ərzində hasilat sənayesinin istehsal həcmi 8% artaraq 3,57 milyard manat, xüsusi çəkidə isə 76,7 faiz təşkil edib. Emal sənayesinin xüsusi çəkisi 16,8%, elektik enerjisi və qaz sektorunun xüsusi çəkisi 6,1%, su sektorunun xüsusi çəkisi isə 0,4% təşkil edib.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hesabat dövrü ərzində neft hasilatının həcmi 10,3% artaraq 6,6 milyon ton, təbii qazın hasilat həcmi isə 6,3% azalaraq 1,8 milyard kubmetr təşkil edib.
Fevral ayı ərzində özəl sektorun payı 8,8 faiz artaraq ümumi sənaye istehsalının 81,5 faizini təşkil edib.
Emal sənayesinin istehsal həcmi 783,1 milyon manat təşkil edib. Həmçinin, qida məhsullarının istehsalında da böyük artım müşahidə olunub. Ölkədə makaron istehsalı 9,7% artaraq 813,5 ton təşkil edib. Ət istehsalı 3,9% (27,6 min ton), süd istehsalı 3% (105,9 min ton), kərə yağı istehsalı 0,9% (2,4 min ton), cem və mürəbbə 17,8% (1,2 min ton), marqarin istehsalı isə 5,8% (3,2 min ton) artıb.
Martın 17-nə olan cari məzənnə 0,8033 AZN/USD təşkil edir.