...

"Ərəb baharı"ndan məzhəb savaşına

Nəzər nöqtəsi Materials 12 Dekabr 2011 13:48 (UTC +04:00)
"Ərəb baharı"ndan məzhəb savaşı
"Ərəb baharı"ndan məzhəb savaşına

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Ərəb dünyasına demokratiya gətirəcəyi iddia edilən "Ərəb baharı" Suriyada ən çətin dönəmini yaşamaqdadır. Ölkədə baş verən toqquşmaların uzanması, bir qrup hərbiçinin ordudan ayrılaraq hakimiyyətə qarşı vuruşması Suriyanın vətəndaş müharibəsi astanasında olduğunu söyləməyə əsas verir.

Digər ərəb dövlətlərindən fərqli olaraq, Suriyanın dini, etnik və məzhəb tərkibi nəzərə alınsa, bu ölkədə vətəndaş müharibəsi ilə yanaşı məzhəb probleminin meydana çıxacağı da istisna edilmir. Hətta bir çox ölkələrin rəsmiləri artıq Suriyada məzhəb savaşının başlayacağından ehtiyatlandıqlarını bildiriblər.

Belə ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl verdiyi açıqlamada Prezident Bəşşar Əsədin ölkədə baş verən qarşıdurmanı dayandırmayacağı təqdirdə Suriyada şiə-sünni qarşıdurmasının olacağını bildirmişdi.

Bənzər bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxış edərək, müsəlmanlar (şiələr və sünnilər) arasında ciddi parçalanmanın başlandığını, bunun qarşısıalınmaz olduğunu və problemin bütün islam dünyasına təsirsiz ötüşməyəcəyini bildirdi.

Təbii ki, Suriyada Prezident Bəşşar Əsədin istefası tələbi ilə şiə-sünni qarşıdurmasının başlayacağı proqnozunu vermək bir o qədər də doğru olmazdı, lakin baş verən hadisələrin fonunda daha ciddi siyasi proseslərin getdiyini görmək olar.

Belə ki, HƏMAS liderlərindən biri olan Mahmud Zahar Suriyada baş verən toqquşmalardan sonra mühacirətdə olan İslami Müqavimət Təşkilatının siyasi bürosunun Suriyadan Qahirəyə köçürüləcəyini bildirdi.

Dekabrın 8-də isə "Wall Street Journal" HƏMAS rəsmilərinin Türkiyənin təkidi ilə Suriyanı tərk edərək Misirə və Qətərə getdiyi barədə məlumat verdi.

Türkiyə XİN-in adının açıqlanmasını istəməyən rəsmisi isə ölkənin "Zaman" qəzetinə verdiyi açıqlamada Ankaranın HƏMAS-a Suriyanı tərk etmələri üçün hər hansı bir təzyiq göstərmədiyini bildirdi.

İlk baxışdan, bir vaxtlar "Müsəlman qardaşlar" təşkilatının ayrılmaz hissəsi hesab edilən, bu yaxınlarda isə heç bir İslam təşkilatından asılı olmadığını bəyan edən sünni HƏMAS-ın "şiə ayparası"nın tərkib hissəsi olan Suriyadan çıxması böyük mahiyyət kəsb etməsə də, təşkilatın Suriya ərazisini tərk etməsi ilə Dəməşqin "İsrailə qarşı bütün islam müqavimətinə dəstək verməsi" iddiasına son qoyulacaq.

Digər önəmli məqamlardan biri isə Bəşşar Əsəd hakimiyyətinə qarşı artıq kənardan müdaxilənin başlamasıdır. Belə məqamlardan biri də Liviya inqilabının ordu liderlərindən biri olan Əbdülhəkim Bilhacın Mahmud Əli Salim adı ilə Türkiyədən Suriyaya keçərək hakimiyyətə qarşı vuruşan silahlı dəstələri hazırlamasıdır.

Bilhacın Türkiyədən Suriyaya keçdiyi iddia edilməsinə baxmayaraq, məhz bundan sonra Suriyada hakimiyyətə qarşı planlı və müntəzəm şəkildə vuruşan qrupların meydana gəldiyini söyləmək olar.

Hətta Suriya rəsmiləri dəfələrlə Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanının Suriyadakı üsyançılara silah və maddi dəstək verdiklərini bildiriblər.

Türkiyənin Suriya müxalifətinə dəstək verdiyini Suriya Milli Keçid Şurasının üzvlərindən olan Mahmud Osman da təsdiq edərək, hakimiyyətə qarşı vuruşan polkovnik Riyad Musanın və 200 nəfər hərbiçinin Türkiyədə Ankaranın himayəsində olduğunu bildirib.

Hadisələri diqqətlə izlədikdə, baş verənlərin tam olaraq Dəməşqin nəzarəti altında olduğunu və Bəşşar Əsəd hakimiyyətinin yaxın zamanlarda bir çox dövlətlərin ehtiyat etdiyi şiə-sünni kartından istifadə edəcəyini söyləmək olar.

Suriya hakimiyyətinin ehtimal edilən bu addımı isə Livandan tutmuş Pakistana qədər İslam dünyasını alt-üst edə bilər.

Xəbər lenti

Xəbər lenti