...

Sarkozi: Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasından daha təhlükəli heç nə yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2011 11:06 (UTC +04:00)
Fransa və Almaniyanın tarixi nümayiş etdirir ki, ən dərin ağrını yumşaltmaq və ən dərin nifrətə qalib gəlmək, xalqların tarixində hətta ən ağır anlarda belə barış üçün özündə güc tapmaq mümkündür.
Sarkozi: Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasından daha təhlükəli heç nə yoxdur

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Fransa və Almaniyanın tarixi nümayiş etdirir ki, ən dərin ağrını yumşaltmaq və ən dərin nifrətə qalib gəlmək, xalqların tarixində hətta ən ağır anlarda belə barış üçün özündə güc tapmaq mümkündür. Trend-in məlumatına görə, Fransa Prezidenti Nikola Sarkozi Ermənistanın "Mediamaks" agentliyinə müsahibəsində Dağlıq Qarabağ ətrafındakı danışıqlar prosesini şərh edərkən deyib.

"Ölkələrimiz barışığı seçənədək bir-birilə bir neçə onillik ərzində üç dəfə münaqişə etmişdilər. Birinci Dünya müharibəsi illərində Fransa və Almaniya təsəvvürəgəlməz amansızlıqla döyüşmüşdülər. Dəhşət və əzablarla müşayiət olunan İkinci Dünya müharibəsinin dağıntıları üzərində xalqlarımız barışmaq üçün özlərində güc tapdılar və tayı-bərabəri olmayan dostluq qurdular. Həmin dostluq bu gün Avropa quruculuğunun təməl daşıdır", - Sarkozi bildirib.

Prezident deyib ki, ermənilər və azərbaycanlılar da məhz bu yolu tutmalıdırlar.

"Sizin üçün də riskli sülh seçimi etmək məqamı çatıb. Çünki xəyallar doğuran, qisasa təhrik edən və hər gün sülhün əldə olunması perspektivlərindən daha da uzaqlaşan status-kvonun saxlanmasından daha təhlükəli heç nə yoxdur", - Sarkozi deyib.

Onun sözlərinə görə, o qədər ölüm və əzablar gətirən müharibədən 17 il keçdikdən sonra münaqişəni həll etmək və barışığa doğru yolu tapmaq vaxtı çatıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Sarkozinin sözlərinə görə, son illərdə Avropa İttifaqı Cənubi Qafqazda öz rolunu gücləndirib.

Fransa istəyir ki, Avropa İttifaqı region ölkələri ilə daha sıx əlaqələr qursun. "Aİ üçün Cənubi Qafqaz strateji regiondur, Aİ ilə assosiativ və tərəfdaşlıq əlaqələri isə əmin-amanlığa, demokratiyanın möhkəmlənməsinə və üç Cənubi Qafqaz ölkəsində dialoqa kömək edəcək", - Sarkozi deyib.

Beynəlxalq birliyin Dağlıq Qarabağ nizamlanması ilə bağlı səylərinə kömək üçün Minsk qrupu formatı mövcuddur. Prezident deyib ki, üç həmsədr ölkədən hər biri iki tərəfin etimadından faydalanır və münaqişənin həlli üçün şərtlərin müəyyən edilməsi prosesinə onlarla birgə cəlb edilib.

"Lakin əvvəlcə siz özünüz - ermənilər və azərbaycanlılar bu yolu tapmalıdırlar. Biz kömək edə, müşayiət edə bilərik, lakin biz sizin yerinizə sülhü bərqərar edə bilmərik", - Sarkozi deyib.

Xəbər lenti

Xəbər lenti