...

İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamənin qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2011 10:24 (UTC +04:00)
İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamənin qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib. Bu barədə bazar ertəsi Trend-ə İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) məlumat verilib.
İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamənin qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Hacıyev/

İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamənin qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib. Bu barədə bazar ertəsi Trend-ə İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) məlumat verilib.

Qətnamə layihəsində Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təsbit olunması öz əksini tapıb. Qətnamə təşəbbüsü Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplan tərəfindən qeydiyyatdan keçirilib.

Qətnamə layihəsində münaqişənin tarixçəsi göstərilib, müharibənin Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçı qüvvələrinin istəkləri üzündən baş verdiyi, nəticədə 1 milyon azərbaycanlı məcburi köçkünün doğma ev-eşiyindən didərgin düşdüyü bildirilib. Sənəddə Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaları barədə də bir sıra məlumatlar öz əksini tapıb. Belə cinayətlər sırasına zor gücünə insanların qovulması, evlərin qarət edilməsi və yandırılması, insanların oğurlanması və girov saxlanması, hərbi əsirlərin döyülməsi və edam olunması, hərbi hava qüvvələrindən dinc əhaliyə qarşı istifadə olunması daxildir. Sənəddə Xocalı qırğını dəqiqliklə sənədləşdirilərək nümunə kimi təqdim edilib.

Bundan başqa, sənəddə BMT, Aİ və AŞPA qətnamələrində beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdiyi, bütün erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çəkilməsi və bütün məcburi köçkünlərin doğma yurd-yuvalarına dönməsi üçün imkan yaradılması tələbi qeyd edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti