...

Bayram Səfərov: Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlar aparmağa hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2011 13:33 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlar aparmağa hazırdır. Bu barədə cümə günü Trend-ə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib.
Bayram Səfərov: Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlar aparmağa hazırdır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Hacıyev/

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlar aparmağa hazırdır. Bu barədə cümə günü Trend-ə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib.

Səfərov hesab edir ki, Dağlıq Qarabağın hər iki icmasının görüşməyinə ehtiyac var və bu görüşlər mütəmadi keçirilməli, danışıqlar aparılmalıdır. Onun sözlərinə görə, icmalar arasında görüşlərin keçirilməsi münaqişənin sülh yolu ilə həllinə müsbət töhfələr verə bilər.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova cümə günü Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib ki, Assambleyada Dağlıq Qarabağa dair keçirilən dinləmələrdə icmalar arasında görüşün təşkili təklifi ilə çıxış edib.

O bildirib ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş ya noyabrda, ya da yanvarda regiona səfər edəcək. Xüsusi nümayəndənin səfəri zamanı azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi barədə danışıqlar aparılacaq.

İcma rəhbəri qeyd edib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının geniş fəaliyyət istiqamətləri var. İcma öz fəaliyyətində Dağlıq Qarabağdan didərgin düşmüş insanların pozulmuş hüquqlarının bərpa olunması istiqamətinə xüsusi önəm verir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti