Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvlərinin görüşü keçirilib. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına həmin görüşdə iştirak etmiş YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib.
Görüş zamanı Hacıyev BMT baş katibi Pan Gi Muna sualla müraciət edib. O, 1993-cü ildə dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul etdiyi 4 qətnaməsini xatırladıb və qeyd edib ki, həmin sənədlərin bu günə qədər kağız üzərində qalması Azərbaycan xalqını narahat edir və bölgədə vəziyyəti gərginləşdirərək yeni müharibənin başlanma riskini artırır.
Eyni zamanda, YAP-ın nümayəndəsi baş katibə müraciət edərək BMT-nin qəbul etdiyi qərarların həyata keçirilməsi üçün yeni mexazmin yaradılmasının artıq zamanın tələbi olduğunu deyib və bu məsələyə baş katibin münasibət bildirməsini xahiş edib.
Suala cavab olaraq, Pan Gi Mun Dağlıq Qarabağ probleminə toxunaraq ATƏT-in Minsk qrupunun fəaliyyətini qeyd edib və etiraf edib ki, bu məsələdə BMT öz fəaliyyətini daha da gücləndirməlidir.
Görüşdə iştrak edən İCAPP-ın qurucularından biri və hazırda onun həmsədri olan Xose de Venezia Azərbaycanın haqlı olduğunu ifadə edərək, Dağlıq Qarabağ məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.
Qeyd edək ki, görüşdə, həmçinin İCAPP-ın digər həmsədri Eu Yong Çunq, təşkilatın xüsusi məruzəçisi Müşahid Hüseyn Səyid (Pakistan) və İCAPP DK-nin üzvləri Şarma Oli (Nepal), Theo Sambuaga (İndoneziya) və Suos Yara (Kamboca) iştrak ediblər.
Xatırladaq ki, İCAPP-a Asiyanın 330 siyasi partiyası daxildir və bu qurumu idarə edən Daimi Komitəyə 18 siyasi partiyanın nümayəndələri və iki həmsədri daxildir. Yeni Azərbaycan Partiyası təşkilatın Daimi Komitəsinin üzvüdür.