İran və Şimali Koreya nüvə proqramına görə məsuliyyət daşımalıdırlar - ABŞ Prezidenti

Dünya xəbərləri Materials 23 Sentyabr 2009 20:56 (UTC +04:00)

Əgər Şimali Koreya və İran BMT və MAQATE-nin nüvə silahından istifadə üzrə normalarına etinasızlıq göstərsələr, o zaman onlar məsuliyyət daşımalıdırlar. Bu barədə ABŞ Prezidenti Barak Obama BMT Baş Assambleyasının 64-cü iclasındakı çıxışı zamanı deyib. Məlumatı Vesti telekanalı yayıb.

"Əgər Tehran və Pxenyan MAQATE-nin təftişinə imkan verməsələr, BMT-nin qətnaməsini pozsalar və nüvə silahını dünyanın təhkükəsizliyindən üstün tutsalar, o zaman onları məsuliyyətə cəlb etmək lazımdır", - Obama deyib.

Onun sözlərinə görə, ABŞ və dünya ölkələri nüvə silahlarının "əl-Qaidə" ekstremistlərinin əlinə düşməsinə imkan verməməlidirlər.

Obama həmçinin öz administrasiyasının SNV (strateji hücüm silahlarının məhvi) üzrə müqavilənin hazırlanmasında Rusiya ilə birgə işləməyə hazır olduğunu bəyan edib. Məlumatı RİA Novosti yayıb.

"Biz nüvə təcrübələrinin qadağan olunması ilə bağlı müqavilənin təsdiq edilməsi məsələsində irəliləyəcəyik və başqa ölkələrlə də bu müqaviləni qəbul etmələri üçün işlər aparacağıq. Nüvə təcrübələri həmişəlik qadağan edilməlidir", - Obama deyib.

Rusiya Prezidenti Dmitri Medvedyev və ABŞ Prezidenti Barak Obama iyul sammitində Moskvada nüvə başlıqlarının sayının təxminən iki dəfə azaldılması barədə müqavilə imzalayıblar. Konkret rəqəmlər SNV-1 müqaviləsini əvəz edəcək yeni müqavilə haqqında danışıqlar zamanı razılaşdırılacaq. SNV-1 müqaviləsinin fəaliyyət müddəti 2009-cu ilin dekabrında başa çatır.

Xəbər lenti

Xəbər lenti