Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Freedom House", Soros Fondu kimi təşkilatlar Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış etməklə öz paxırlarını gizlətməyə çalışırlar". Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzovun sözlərinə görə, aydın məsələdir ki, bu təşkilatların hamısı Azərbaycana qarşı qərəzlidir: "Xüsusilə də son dövrlər erməni lobbisinin bu məsələyə açıq-aşkar müdaxiləsi var. Bu təşkilatların ifşa olunması, yəni onların qrant ayırdığı, himayə etdiyi şəxslərin ifşa edilərək vətənə xəyanət ittihamı ilə məsuliyyətə cəlb olunması və istintaq aparılması onlar arasında təşviş yaradıb. Hətta son günlər Soros Fondu da düşüb ortaya, çünki onların da ayırdığı vəsaitlərin hər hansı qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı olmadığı, digər qaranlıq və çirkin yollara sərf edildiyi istintaq tərəfindən aşkara çıxarılıb".
Millət vəkili deyib ki, bu cür təşkilatların himayə etdiyi QHT-lər, qruplar, siyasi partiyalar var ki, həmin vəsait hesabına maliyyələşərək Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, kütləvi etiraz aksiyaları keçirmək və müxtəlif yollarla dövlətə təzyiq göstərməyə çalışırlar: "Bu metodların hamısı artıq ifşa olunub və hesab edirəm ki, onlar ifşa olunduqca da ayrı-ayrı dövlətlərə müraciət etməyə başlayıblar ki, Azərbaycana qarşı təzyiqləri artırın. Bununla da istəyirlər istintaqa təzyiq göstərərək onların himayə etdiyi şəxslərin məsuliyyətdən azad olunmasına kömək göstərsinlər ki, özlərinin paxırı açılmasın".