Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir Eldar Hüseynzadə/
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının yenidən qurulması üzrə tenderdə Jerar Depardyenin şirkəti iştirak edəcək.
Depardyenin Bakıya gəlişinin yekunları üzrə qəbul olunmuş razılaşmalardan biri onun şirkətinin kinostudiyanın yenidən qurulması üzrə tenderdə iştirakı olub. Trend-in xəbər verdiyi kimi, bu barədə çərşənbə axşamı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsinin rəhbəri Cahangir Məmmədov deyib.
Yenidənqurma işləri gələn ilin martında başa çatacaq "Nizami" kinoteatrının yenidən təşkil olunmasından sonra başlayacaq.
Jerar Depardye Bakıya IV Beynəlxalq Rostropoviç festivalında iştirak etmək üçün gəlib və bazar ertəsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Karmen" tamaşasından əvvəl çıxış edib. O, Prosper Merimenin "Karmen" novellasından seçilmiş parçalar oxuyub. Depardye həmçinin Düma haqqında filmin çəkilişlərində iştirak etməyi planlaşdırır.