...

Günay Musayeva "Best Model of the World"da Azərbaycan və Türkiyə adından yarışacaq (FOTO)

Mədəniyyət Materials 5 May 2011 16:23 (UTC +04:00)
Qardaş Türkiyənin model biznesində tanınmış simalarından biri kimi qəbul edilən azərbaycanlı Günay Musayeva artıq bir neçə gündür ki, Vətəndədir.
Günay Musayeva "Best Model of the World"da Azərbaycan və Türkiyə adından yarışacaq (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Ş.Cavadsoy/

Qardaş Türkiyənin model biznesində tanınmış simalarından biri kimi qəbul edilən azərbaycanlı Günay Musayeva artıq bir neçə gündür ki, Vətəndədir. İstanbulda Atatürk beynəlxalq hava limanında təyyarəyə cəmi 4 dəqiqə gecikməsi ucbatından "Best of the Best-2011" Milli mükafatının təltifetmə mərasiminə çata bilməyən model xanım dünən, vəd verdiyi kimi, media mənsubları ilə görüş keçirdi. Şəhərin gecə klublarından birini gündüz saatlarında açdıran Musayeva əvvəlcə tanınmış Azərbaycan rejissoru Nail Naiboğlu və "Həftə ici" qəzetinin birgə təsis etdiyi "Yaxşıların Yaxşısı" mükafatı haqqında fikirlərini bölüşdü.

"Məlum səbəblər ucbatından 2 may tarixində keçirilən təqdimat mərasiminə qatıla bilmədim. İnanın, o qədər kədərlənmişdim ki, fəxri mükafatıma səhnədən yiyələnə bilmədim. Amma sağ olsun Nail bəy və təşkilat komitəsi, heç bir irad bildirmədilər. Və bu gün jurnalistlərin qarşısında mənə "Yaxşıların Yaxşısı"nı təqdim edirlər. 2010-cu il həyatımda çox əlamətdar bir hadisə ilə yadda qaldı. Mən Vətənim adına yarışa qatıldım və "Best Model of Azerbaijan" müsabiqəsində birincilik qazandım. İşimə verilən bu diqqət İstanbula qayıtdığımda model kimi karyeramı daha gözəl bir şəkildə inkişaf etdirməyimə səbəb oldu. Biləndə ki "İlin modeli" nominasiyasında təkcə mən qalib gəlmişəm, bu sevincim birə min artdı", - Günay Musayeva dedi.

Mükafatlandırma mərasimində jurnalistlərin sual atəşinə tuş gələn model, "Best Model of the World-2010" yarışmasının hələ keçirilməməsinə də aydınlıq gətirdi.

"Müsabiqənin prezidenti, əziz insan hesab etdiyim Erkan Özermanın səhhətində problemlər yaranmasaydı, ötən ilin dekabrında "Best Model of the World-2010"un əsas mərhələsi İstanbulda keçiriləcəkdi. Sırf Erkan bəyin sağlamlığına tam qovuşmaması müsabiqənin keçirilməsini bu qədər uzatdı. O qədər əsassız söz-söhbətlər yarandı ki, bu barədə uzun-uzadı danışmağa ehtiyac görmürəm. "Best Model"in əsas finalının olmayacağına şübhə ilə yanaşanlara bir tövsiyəm var. Sadəcə 2 ay gözləyin və özünüz sözün əsl mənasında şoka düşəcəksiniz. "Best Model of the World-2010" yarışmasına ev sahibliyini Bolqarıstan edəcək. Paytaxt Sofiyada baş tutacaq final mərhələsinə dünyanın 91 ölkəsindən iştirakçılar qatılacaq. Mətbuat konfransı başlamamışdan öncə Erkan bəylə telefon danışığımız oldu. Və mənə söylədi ki, "qızım, sənə səlahiyyət verirəm, mənim adımdan bildiklərini danışa bilərsən!" Ona görə də rahat bir şəkildə bu barədə danışıram. Müsabiqə tarixində görünməmiş yenilik də baş verəcək. Erkan bəy istəyir ki, Bolqarıstanda Azərbaycan-Türkiyə qardaşlığı da öz əksini tapsın. Belə ki, azərbaycanlı xanım olaraq mən həm öz ölkəmin və Türkiyənin, qardaş məmləkətin seçiləcək oğlan iştirakçı isə həm Türkiyə, həm də Azərbaycan adından səhnəyə çıxacaq. Təxmini artıq məlumdur ki, mənimlə Sofiyaya kim gedəcək. Amma həmin modelin kimliyini kiçik bir sürpriz kimi sirr olaraq saxlamaq istərdim. Zamanı gələndə açıqlayarıq. Sözümün canı odur ki, İstanbulda bu layihə üzərində əmək sərf edib planlar qurduğumuz halda Bakıda xoşagəlməz, ürəkaçmayan sözlər danışırlar. Məni sevən və dəstəkləyən pərəstişkarlarımı yalan məlumatlara önəm verməməyi çağırıram", - Musayeva əlavə etdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti