Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycanın populyar estrada müğənnisi Murad Sadıx şou-biznesdə sənətinə hörmət etdiyi xanım müğənnilərin ən layiqlisi haqqında danışdı. Trend-ə açıqlamasında müğənni bu sırada birinci yeri Gürcüstan əsilli, Azərbaycanın əməkdar artısti Manana Caparidzenin tutduğunu bildirdi.
"Manana xanımla dostluğumuzun tarixi iki ilə yaxındır. O, çox güclü səs tembrinə malikdir. Gözəl insani keyfiyyətlərə sahib olması da onu digər müğənnilərdən fərqləndirir. Bəli, bu gün mən ilk dəfə etiraf edirəm ki, sevimli müğənnimiz Emma Ələkbərzadə, rəqqasə Oksana Rəsulovadan sonra, mənim özümə əziz bildiyim sənətçi dostum Manana xanımdır. Baxmayaraq ki, şöhrətin zirvəsindədir, o, heç vaxt ulduz şıltaqlığı göstərmir. Harada görüşürüksə, mehribançılığını hiss edirəm. Telefon danışıqlarımızda isə daim məni güclü olmağa səsləyir. Hətta ad günümdə qonaq olan zaman demişdi ki, Murad, sənin xəbərin yoxdur, o qədər populyarsan ki, hamı səndən danışır. Şadam ki, Manana xanımla dostluğumuz davam edir və o, mənə dəstək verir", - Murad Sadıx dedi.
Söhbətimiz zamanı müğənni bildirdi ki, yaxın gələcəkdə o, həmçinin əməkdar artistlə duet oxumaq niyyətindədir. Hələlik isə Murad və Manana dostluğunu əks etdirən fotosessiyanı diqqətinizə çatdırırıq.
Foto: Şahin Cavadsoy