...

Müsabiqə rəhbəri: İnsanlar builki "Eurovision" şousu ilə fəxr edəcəklər

Mədəniyyət Materials 9 Mart 2012 12:43 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand bu müsabiqə ilə bağlı Azərbaycanda aparılan hazırlıq işlərindən razı qalıb.
Müsabiqə rəhbəri: İnsanlar builki "Eurovision" şousu ilə fəxr edəcəklər

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir İ.İsabalayeva/

"Eurovision" mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand bu müsabiqə ilə bağlı Azərbaycanda aparılan hazırlıq işlərindən razı qalıb. Trend-in məlumatına görə, bunu Yan Ola Sand eurovision.az saytına müsahibəsində deyib.

O bildirib ki, "Eurovision" mahnı müsabiqəsinə hazırlıq işləri ilə bağlı layihə hələ davam edir. Bakıda çox yüksək səviyyədə hazırlıqlar aparılır. Sand bütün işlərin vaxtında təhvil verilə biləcəyinə inandığını deyib.

Müsabiqə rəhbərinin sözlərinə görə, bu il insanlar Bakıda əvvəllər görmədikləri bir şou izləyəcəklər. Onlar builki "Eurovision" şousu ilə fəxr edəcəklər.

"Hazırlıqlar quruluş və dizayn baxımından möhtəşəmdir. Xüsusilə elementlərin istifadəsi, işıqlandırma sistemi və işıq konsepsiyası. Biz işçi qrupla müsabiqənin konsepsiyası barədə müzakirələr aparmışıq. Alov elementləri, şüar haqqında çox danışmışıq. Əlbəttə, insanlar şouda hərarət görəcəklər və Azərbaycana xas olan bir şou izləyəcəklər", - Sand deyib.

O əlavə edib ki, müsabiqədə təmsil olunacaq iştirakçılar bir-birlərindən fərqliliyi ilə seçilir. Burada həm cavan, həm də yaşlı nəslin nümayəndələri var.

"Təbii ki, bütün iştirakçıların bəlli olması üçün daha bir həftə gözləməliyik. Ümid edirəm ki, sonda çox keyfiyyətli şou olacaq", - müsabiqə rəhbəri bildirib.

O, "Eurovison"la əlaqədar Azərbaycana gələcək turistlərə tövsiyə edib ki, onlar ilk olaraq Bakını görməli, Bakı bulvarını gəzməlidirlər.

Xəbər lenti

Xəbər lenti