Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir V.İmanov/
"Eurovision 2012" müsabiqəsində iştirak yeni təcrübə, yeni dostlar və öz musiqini dünyaya təqdim etmək imkanıdır. Bu barədə çərşənbə axşamı Trend-ə müsahibəsində Estoniyanın "Eurovision 2012" təmsilçisi Ott Lepland bildirib.
"Mən heç vaxt Bakıda olmamışam və gözləyirəm ki, orada məni çoxlu gözlənilməz hadisələr qarşılayacaq. Mən buna çox şadam", - o deyib.
Leplandın sözlərinə görə, tamaşaçılar və jüri onun müsabiqədə iştirakı haqqında qərarı ona görə veriblər ki, onun mahnısı insanlarla "danışır".
Müğənninin fikrincə, müsabiqə iştirakçısını onun ölkədəki populyarlığından asılı olmayaraq seçmək lazımdır.
"Eurovision"da qarşıdakı çıxışından danışan Lepland deyib ki, onun şousu "Nə qədər asandırsa, bir o qədər yaxşıdır" prinsipinə uyğun gələcək. O əlavə edib ki, ən azı bu dəfə belə olacaq.
"Mən müsabiqəni səbirsizliklə gözləyirəm və sevinclə hazırlaşıram. Əgər qalib gələ bilməsəm, heç olmasa, çox yaxşı mahnı təqdim edərəm", - o deyib və əlavə edib ki, bütün ölkəni təmsil etməkdən çəkinmir.
"Mən məsuliyyət haqqında artıq seçim müsabiqəsində iştirak edərkən düşünmüşəm. Buna görə də deyə bilmərəm ki, qorxuram. Mən "niyə mənim çıxışım uğursuz olacaq" sualına cavab verməkdən qorxmuram. Lakin mən Bakıya pis və uğursuz çıxış göstərmək üçün getmirəm. Bu dəqiqdir!" - Lepland vurğulayıb.