Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir X.Murtuzayeva/
Ermənistanın ən böyük kanallarından olan "Şanti TV" Türkiyənin "Ay Yapım" şirkətindən məşhur "Ezel" serialının ssenarisini satın alıb. Çəkilən film ölkədə tamaşaçılarda böyük maraq doğurub.
Bundan sonra baş rollarda məşhur türk aktyorları Kənan İmirzalıoğlunun və Cansu Dərənin oynadıqları serialın Ermənistanda çəkilişlərinə dərhal start verilib. Baş rol üçün Dərə və İmirzalıoğluna bənzəyən oyunçular seçən kanal qısa müddət ərzində serialı tamaşaçılara təqdim edib.
Filmin ilk seriyası Ermənistan tamaşaçılarının 70 faizi tərəfindən izlənilib. Qeyd edək ki, bu, Ermənistanda çəkilən ilk türk serialıdır.
Maraqlısı budur ki, erməni tamaşaçılar böyük maraq göstərdikləri serialın ssenarisinin türklərə aid olduğundan hələ xəbər tutmayıblar. İddialara görə, kanal bu məlumatı tamaşaçılardan gizli saxlayır.
Xatırladaq ki, ötən il "Ay Yapım" şirkəti məşhur "Aşkı Memnu" serialının ssenarisini də ABŞ-ın məşhur televiziya kanallarından birinə satıb və serial bir müddət əvvəl ekranlara çıxıb.