...

Ankarada Niyazinin 100 illik yubileyi münasibətilə ilk konsert verilib (FOTO)

Mədəniyyət Materials 1 Sentyabr 2012 07:03 (UTC +04:00)
Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin böyük konsert zalında cümə günü türkdilli ölkələrin mədəniyyət təşkilatı TÜRKSOY tərəfindən dahi Azərbaycan sənətkarı maestro Niyazinin anadan olmasının 100-cü ildönümü münasibətilə planlaşdırılan konsertlər silsiləsinin ilk tədbiri təşkil olunub.
Ankarada Niyazinin 100 illik yubileyi münasibətilə ilk konsert verilib (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin böyük konsert zalında cümə günü türkdilli ölkələrin mədəniyyət təşkilatı TÜRKSOY tərəfindən dahi Azərbaycan sənətkarı maestro Niyazinin anadan olmasının 100-cü ildönümü münasibətilə planlaşdırılan konsertlər silsiləsinin ilk tədbiri təşkil olunub. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov bilidirib.

Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, səfirliyin əməkdaşları, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla, çox sayda rəsmi dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, mədəniyyət və incəsənət xadimləri, diaspor və ictimaiyyət təmsilçiləri ilə yanaşı, KİV nümayəndələri də iştirak ediblər.

Tədbirin giriş nitqi ilə TÜRKSOY-un baş katibi Düsen Kaseinov açaraq, konsert iştirakçılarını salamlayıb, bu cür tədbirlərin ölkələrimiz arasındakı əlaqələrə verdiyi müsbət töhfələrdən söz açıb və böyük sənətkar Niyazinin həyat və yaradıcılığından bəhs edib.

Ardından türkdilli ölkələrin musiqiçilərindən ibarət TÜRKSOY Beynəlxalq Gənclər Orkestri Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Asəf Zeynallı və Üzeyir Hacıbəylinin əsərlərini böyük peşəkarlıqla səsləndiriblər.

Tədbir TÜRKSOY-un Beynəlxalq Gənclər Orkestrinin nümayəndələrinə hədiyyələrin təqdim olunması ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti