...

Cənubi Afrikada Azərbaycana həsr edilmiş konsert keçirilib

Mədəniyyət Materials 28 Oktyabr 2012 02:04 (UTC +04:00)
Şənbə günü Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriyada Azərbaycan ilə bu ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümünə və dahi Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş "Odlar Yurdu Afrika torpağında" adlı konsert keçirilib.
Cənubi Afrikada Azərbaycana həsr edilmiş konsert keçirilib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Şənbə günü Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriyada Azərbaycan ilə bu ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümünə və dahi Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş "Odlar Yurdu Afrika torpağında" adlı konsert keçirilib.

Azərbaycanın CAR-dakı səfirliyinin və "Azərbaycanın dostları" qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Pretoriya Universitetində keçirilən tədbirdə bu ali təhsil ocağının müəllimləri və tələbələri, ziyalılar, Azərbaycan və türk icmalarının nümayəndələri, diplomatlar iştirak ediblər.

Səfirlikdən AzərTAc-a verilən məlumata görə, "Azərbaycanın dostları" təşkilatının rəhbəri Cəmil Məmmədəlizadə çıxış edərək bildirib ki, konsertin məqsədi ölkəmizin mədəniyyətinin Cənubi Afrika Respublikasının ictimaiyyətinə çatdırılmasıdır.

Məmmədəlizadə CAR-da Azərbaycanın dostlarının sayının gündən-günə artdığını və bu istiqamətdə aparılan işlərin qısa müddətdə real nəticələr verdiyini vurğulayıb.

Tədbirdə "Koroğlu" operasından, "Məhəbbət əfsanəsi", "Yeddi gözəl", "Esmiralda", "Korsar" baletlərindən hissələr, eləcə də caz kompozisiyaları nümayiş etdirilib. Yerli Zulu və Tsvana qəbilələrinin milli rəqsləri, "SCA" və "İmperial" balet məktəblərinin tələbələrinin və səfirliyin əməkdaşlarının uşaqlarının çıxışları maraqla qarşılanıb.

Tədbir çərçivəsində ziyafət verilib, konsert zalının foyesində Azərbaycana həsr edilmiş sərgi təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti