...

Azərbaycanda tarixi abidələrin bərpa-konservasiya layihələri ilə yanaşı, onların istifadə layihələri də hazırlanır (FOTO)

Mədəniyyət Materials 7 Noyabr 2012 13:49 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməyi və iştirakı ilə son beş il ərzində 30-dan çox abidədə elmi-tədqiqat işləri aparılıb, onların bərpası, konservasiyası və istifadəsi layihəsi hazırlanıb.
Azərbaycanda tarixi abidələrin bərpa-konservasiya layihələri ilə yanaşı, onların istifadə layihələri də hazırlanır (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir V.İmanov/

Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməyi və iştirakı ilə son beş il ərzində 30-dan çox abidədə elmi-tədqiqat işləri aparılıb, onların bərpası, konservasiyası və istifadəsi layihəsi hazırlanıb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov məlumat verib.

Bu işlər Mədəniyyət və Turizm Nazirliyinin, Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin sifarişi əsasında "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən aparılır. Belə abidələrə Şəki şəhərindəki Aşağı Karvansaranı, Şəkixanovların evini, Nakam adına kitabxananı, Bərdə rayonundakı "Allah-Allah" türbəsini, Gəncə şəhərindəki "Şah Abbas" və "Uğurlu xan" karvansaralarını, Quba rayonu, Rustov kəndindəki və Xınalıq kəndindəki məscidləri, Balakən rayonundakı məscidi, Salyan şəhərindəki məscidi, Nardarandakı Xan bağını, Hacıbul rayonundakı Pir Hüseyn xanəgahını, Lənkərandakı Dairəvi Qalanı, Bakı şəhəri Suraxanı qəsəbəsindəki "Atəşgah" məbədini, Fizuli rayonunun Babı kəndindəki Şeyx Babı türbəsini və s. abidələri göstərmək olar.

Əvvəlki illərdən fərqli olaraq hazırda abidələrin bərpa-konservasiya layihələri ilə birlikdə onların istifadə layihələri də hazırlanır ki, bu da abidənin uzun müddət qorunmasına zəmin yaradır.

Zakir Sultanov onu da qeyd edib ki, hazırlanmış layihə-smeta sənədləri əsasında abidələrdə bərpa-konservasiya işlərinə Nazirliyin, Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin və "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri nəzarət edirlər. Şəki şəhərindəki Nakam adına kitabxanada, Quba rayonu, Rustov kəndindəki məsciddə, Hacıqabul rayonu, Qubalı Baloğlan kəndindəki Pir Hüseyn xanəgahınında, Balakən rayonundakı məsciddə, Salyan şəhərindəki məsciddə, Nardarandakı Xan bağında və Lənkərandakı Dairəvi Qalada, Şəki şəhərindəki Aşağı Karvansarada bərpa işləri başa çatdırılmışdır. Gəncə şəhərindəki "Şah Abbas" və "Uğurlu xan" karvansaralarında, Fizuli rayonunun Babı kəndindəki Şeyx Babı türbəsində, Bakı şəhəri Suraxanı qəsəbəsindəki "Atəşgah" məbədində, Bərdə rayonundakı "Allah-Allah" türbəsində isə bu işlər davam etdirilir. Cari ildə Şəki şəhərindəki Şəkixanovların evində də bərpa işlərinə başlanılması nəzərdə tutulur.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq körpü"nün də bərpası layihəsi hazırlanır. Hər iki dövlət arasında razılaşma protokoluna əsasən abidənin bərpa layihəsi hazırlanıb. Hal-hazırda orada arxeoloyi tədqiqat işlərinin aparılması planlaşdırılır.

Suraxanı qəsəbəsindəki "Atəşgah" məbədində və Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı türbəsində eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birlikdə arxeoloji tədqiqat işləri də aparılıb. Suraxanı qəsəbəsindəki "Atəşgah" məbədində aparılmış arxeoloji qazıntı işləri zamanı od quyuları, daşdan tikilmiş qaz xətləri, qaz anbarı, su quyusu və s. maraq kəsb edən mədəni təbəqələr aşkar olunub.

Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı kompleksində aparılan arxeoloji qazıntı işləri zamanı kaşılarla bəzədilmiş sərdabələr, karvansara qalıqları, kompleksin mühafizə divarlarının qalıqları aşkar olunub. Hazırda ərazidə qazıntı işlərinin davam etdirilməsi planlaşdırılır. Hazırlanan layihədə aşkar olunan abidələrin bərpası və ya konservasiyası, həmçinin ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulur ki, bu layihə əsasında artıq abidədə işlərə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti