Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü, Azərbaycann Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Litva Seyminin Maarif, təhsil və mədəniyyət komitəsi, Litva Milli Elmlər Akademiyası və Litva Milli İcmalar Şurasının təşkilatçılığı ilə bu ölkənin parlamentində tanınmış yazıçı və ictimai-siyasi xadim Vintsas Krevenin anadan olmasının 130 illiyinə həsr edilmiş "Vilnüs-Bakı: mədəniyyət körpüləri" adlı beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfrans çərçivəsində Seymdə "V.Kreve-Mitskeviçyusun Azərbaycandakı həyat və fəaliyyəti barədə" sənədlər və nəşrlərdən ibarət ekspozisiyanın, eləcə də "Litva-Azərbaycan ədəbiyyat körpüləri" adlı kitab sərgisinin açılışı olub.
Sərgidə Azərbaycan ədəbiyyatından Litva dilinə və Litva ədəbiyyatından Azərbaycan dilinə tərcümə olunmuş və müxtəlif illərdə Vilnüsdə və Bakıda çap edilmiş kitablar nümayiş etdirilib.
Tədbirin əvvəlində Azərbaycanın keçmişi, dövlətçilik tarixi, təbiəti, milli geyimləri və milli mətbəxi, memarlıq abidələri və dini məbədləri, xalçaları, musiqi alətləri və xalq rəqsləri haqqında videogörüntülər nümayiş etdirilib.
Litva Milli Elmlər Akademiyasının prezidenti, akademik Valdemaras Razumas, Akademiyanın həqiqi üzvü, Vilnüs Universitetinin professoru Viktoriya Dauyotite-Pakeriene, mədəniyyət nazirinin müşaviri, tarixçi və etnoloq alim, Qarabağ münaqişəsi mövzusunda elmi nəşrlər müəllifi İmantas Melyanas, Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri, siyasi elmlər doktoru Laurinas Kasçyunas, Litva Milli İcmalar Şurasının sədri, Azərbaycan-Litva ədəbi və mədəni əlaqələrinin tədqiqatçısı Mahir Həmzəyev məruzələrlə çıxış ediblər.
Konfransda Litvanın millət vəkilləri, Litva Prezidentinin maarif, təhsil və mədəniyyət məsələləri üzrə baş müşaviri Virginiya Budiene, parlamentin Beynəlxalq əlaqələr departamentinin rəhbərliyi, Baş nazirin dəftərxanasının işçiləri, nazirliklərin məsul əməkdaşları, eləcə də diplomatik korpusun təmsilçiləri, Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, iş adamları, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Bakıda Vikentiy İosifoviç Mitskeviç kimi tanınan Vintsas Kreve 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbinin müəllimi və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində ilk konsulu olub.