...

Azərbaycan Tehranda keçirilən 31-ci Fəcr Beynəlxalq teatr festivalında təmsil olunur

Mədəniyyət Materials 21 Yanvar 2013 18:21 (UTC +04:00)
Yanvarın 21-dən İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 31-ci Fəcr Beynəlxalq teatr festivalı işə başlayıb.
Azərbaycan Tehranda keçirilən 31-ci Fəcr Beynəlxalq teatr festivalında təmsil olunur

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Yanvarın 21-dən İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 31-ci Fəcr Beynəlxalq teatr festivalı işə başlayıb.

Trend Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, artıq 31-ci dəfə keçirilən Fəcr Beynəlxalq teatr festivalı dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət təsbirlərindəndir. Dünyanın bütün məşhur teatr kollektivləri bu festivalda iştirak edirlər.

Festivalda Azərbaycan tanınmış yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış "Qatarın altına atılan qadın" tamaşası ilə təmsil olunur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin təqdim edəcəyi tamaşa yanvarın 23-də İran Milli Dram Teatrında nümayiş olunacaq.

Mişel Leqranın musiqilərindən istifadə olunmuş tamaşaya Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib.

İki hissəli tragikomediyada əsas rolları əməkdar artistlər Cəfər Namiq Kamal (Xasay Dilgir), Kəmalə Hüseynova (Gültəkin Sarabskaya), Pərviz Bağırov (Nəzarətçi), Hicran Nəsirova (Tumsatan), Kazım Abdullayev (Rejissor), aktyorlar Rəşad Bəxtiyarov (Qəzetsatan), Elnar Qarayev (Dilənçi) və Şəhla Əliqızı (Rejissor köməkçisi) ifa edəcəklər.

Tamaşada özünün bütün gəncliyini, ömrünü səhnəyə həsr etmiş bir aktrisanın həyatının artıq səhnədən uzaqlaşmış dövrü təsvir edilib. Aktrisa özünün yaradıcılığı haqqında ağrılı-acılı təəssüratlarını bölüşür. Bəlli olur ki, bir neçə klassik dramaturgiya nümunəsindəki çıxışını istisna etməklə, o, əsasən, dövrün konyuktur sifarişi kimi yazılan pyeslərdə rol alıb. Harasa getməyi planlaşdıran aktrisa Gültəkin Sarabskaya dəmiryol vağzalında sifarişli pyeslərin müəllifi Xasay Dilgirlə üzləşir. "Bomj" durumunda olan həmin müəlliflə xatirələrində yaşayan aktrisanın münasibətlərində cəmiyyət və sənətkar probleminin gizli məqamları aşkarlanır.

Orijinal süjet xətti üzərində qurulmuş tamaşada cərəyan edən hadisələr tamaşaçını daim intizarda saxlayır. Sonluğu faciə ilə bitən səhnə əsərində müasir dünyamızla səsləşən bir çox məqamlar həm yazıçı, həm də rejissor tərəfindən çox böyük ustalıqla işlənib.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Cənnət Səlimova 31-ci Fəcr Beynəlxalq teatr festivalında münsiflər heyətinin üzvü kimi iştirak edir.

Festival yanvarın 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti