...

Azərbaycan London beynəlxalq kitab sərgisində iştirak edəcək

Mədəniyyət Materials 12 Aprel 2013 19:25 (UTC +04:00)
1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edir.
Azərbaycan London beynəlxalq kitab sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 12 aprel /Trend/

15-17 aprel 2013-cü il tarixdə Londonda növbəti beynəlxalq kitab sərgisi keçiriləcək. 1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin nümayəndə heyəti ilk dəfə 2009-cu ildə London beynəlxalq kitab sərgisinə qatılıb. London sərgisində Azərbaycanın kitabları, mədəniyyəti, Qarabağla bağlı həqiqətləri, dövlətçiliyi, tarixi böyük maraq doğurub, 2009, 2010, 2011 və 2012-ci illərdəki sərgidə stendimiz çox sayda insan tərəfindən ziyarət olunub.

Hər sahədə dünyanın mühüm paytaxtlarından olan Londonda keçirilən sərgidə iştirak zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm vasitədir.

Bu il London kitab sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və həmin şöbənin baş məsləhətçisi Aslan Cəfərov təmsil edəcəklər.

Milli ekspozisiyamızı təşkil etmək məqsədi ilə sərgidə 24 kv.m-lik sahədə stend avadanlıqları quraşdırılıb ki, burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa və s. aid 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti