...

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 150-yə yaxın təşkilatın iştirak edəcəyi gözlənilir

Mədəniyyət Materials 30 İyul 2013 23:45 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqla əlaqədar iclas keçirilib.
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 150-yə yaxın təşkilatın iştirak edəcəyi gözlənilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqla əlaqədar iclas keçirilib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirliyinin birinci müavini Vaqif Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin kitab nəşri, kitabın təbliği, yayılması və qorunmasına, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin əhalinin çap məhsulları ilə təmin olunmasında mühüm rol oynadığını bildirib. O deyib ki, son illərdə xeyli sayda Azərbaycan kitabı beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil və təbliğ olunub, müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlib. Bununla yanaşı, I və II Bakı Beynəlxalq sərgi-yarmarkaları ölkə əhalisi və elmi-ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, ilk dəfə 2009-cu ildə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunub və bu sərgi-yarmarkada 20 xarici ölkədən təxminən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq yerli nəşriyyat və poliqrafiya müəssisəsi iştirak edib. Bütövlükdə 90-dan artıq qurumun təmsil olunduğu tədbir çərçivəsində məzmunlu təqdimat mərasimləri və görüşlər keçirilib.

2011-ci ildə baş tutan II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub. Sərgi-Yarmarkada 100-dən çox yerli, 30-a yaxın xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak edib.

2013-cü ilin 23-25 sentyabr tarixində təşkili planlaşdırılan III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunacaq. Eyni zamanda, sərgi ilə eyni vaxtda Bakıda keçiriləcək Avropa Milli Kitabxanaları Konfransı Beynəlxalq Təşkilatının 27-ci sessiyası və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirləri vahid icra planı ilə əlaqələndiriləcək.

V.Əliyev çıxışında vurğulayıb ki, əvvəlki iki sərgilərdən fərqli olaraq bu il hazırlıq prosesinə daha öncədən başlanılıb və bunun nəticəsi olaraq III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 50-si xarici ölkə təmsilçisi olmaqla 150-yə yaxın nəşriyyat, poliqrafiya müəssisəsi və digər müvafiq təşkilatların iştirak edəcəyi gözlənilir.

İclasda III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yüksək səviyyədə təşkil olunması məqsədilə müvafiq əmr imzalanıb, tədbirlər planı və smeta layihəsi təsdiq edilib, köməkçi şirkətlər müəyyən edilib və işçi qrupu yaradılıb.

Həmçinin, sərginin loqosu, digər çap məhsullarının kompleks dizaynı sifariş edilib hazırlanıb. Sərgi-yarmarkanın yeni saytı yaradılıb və yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

Azərbaycanda fəaliyyət göstərən 100, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Polşa, Çexiya, Slovakiya, Sloveniya, Serbiya, Avstriya, Macarıstan, Belarus, Ukrayna, Estoniya, Qazaxıstan, Özbəkistan, Litva, Kanada, Çin, Hindistan, Braziliya, Misir, İsrail, İndoneziya, Avstraliya, Yeni Zelandiya, Afrika ölkələri və sair ölkələrdən 260-dan çox nəşriyyat, poliqrafiya müəssisəsi və kitab yayım evinə dəvət məktubları göndərilib.

Sərgiyə hazırlığın vəziyyəti və bir sıra məsələlərin həlli ilə əlaqədar Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və digər təşkilatların nümayəndələri çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti