...

Xalq artisti Firəngiz Şərifova son mənzilə alqışlarla yola salındı (FOTO)

Mədəniyyət Materials 20 Fevral 2014 16:55 (UTC +04:00)
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktyoru, xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Firəngiz Şərifova ilə vida mərasimi keçirilib.
Xalq artisti Firəngiz Şərifova son mənzilə alqışlarla yola salındı (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir C.Babayeva/

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktyoru, xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Firəngiz Şərifova ilə vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, görkəmli ictimai xadimlər, tanınmış incəsənət və mədəniyyət xadimləri, aktrisanın ailəsi və yaxınları iştirak ediblər.

Firəngiz Abbas Mirzə qızı Şərifova 1924-cü il fevralın 6-da Bakı şəhərində Azərbaycan teatrının korifeyləri, qüdrətli sənətkarlar - SSRİ xalq artisti Mərziyə Davudovanın və xalq artisti Abbas Mirzə Şərifzadənin ailəsində anadan olub.

1947-49-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-61-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961-65-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan F.Şərifova 1965-ci ildən sənət taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayıb və 2011-ci ilə qədər fəaliyyətini doğma teatrda davam etdirib. Müqtədir sənətkar bu illər ərzində teatr səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb.

F.Şərifova 1958-ci ildə Azərbaycann əməkdar artisti, 1969-cu ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib. O, Prezident təqaüdçüsü idi.

F.Şərifova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının və Naxçıvan MR Ali Sovetinin fəxri fərmanlarına, "Zirvə", "Qızıl Dərviş" və "Humay" mükafatlarına layiq görülüb. Uzun sürən xəstəlikdən sonra bu gün vəfat edən unudulmaz aktrisa milli teatr sənətinin əvəzolunmaz sənətkarlarından biri idi.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti