...

Heydər Əliyev Mərkəzində məşhur amerikalı müğənni Maykl Boltonun konserti keçiriləcək

Mədəniyyət Materials 7 Mart 2014 12:25 (UTC +04:00)
Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Mərkəzində məşhur amerikalı müğənni Maykl Boltonun konserti keçiriləcək

Azərbaycan, Bakı, 7 mart /Trend/

Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.

Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb.

Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və "Kiss" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.

"Qremmi" mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Hollivudun "Şöhrət xiyabanı"nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. "Can I Touch You...There?", "How Am I Supposed To Live Without You", "Love is a Wonderful Thing", "Missing You Now" onun ən məşhur mahnılarındandır.

Maykl Boltonun Luçano Pavarotti, Xose Karreras, Plasido Dominqo, Rene Fleminq, B.B.Kinq kimi ulduzlarla duetləri milyonların sevgisini qazanıb.

Maykl Boltonun musiqilərini bir çox məşhur film və seriallarda da eşitmək mümkündür. Onun "Herkules" animasiya filmində səslənmiş "Go The Distance" kompozisiyası "Oskar" mükafatına nominant olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti