...

Zaqrebdə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 12 Mart 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend/

11 mart 2014-cü il trarixində Xorvatiyada Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Zaqreb şəhərində təşkil edilən təqdimat mərasimində Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, sabiq Prezident Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Xorvatiya Diplomatik Akademiyasının direktoru Mladen Andrliç, Xorvatiya Ali Məhkəməsinin, Xorvatiya Mədəniyyət Nazirliyi və Zaqreb Şəhər Mədəniyyət İdarəsinin nümayəndələri, Xorvatiya Parlamentinin üzvləri, o cümlədən parlamentdə fəaliyyət göstərən Xorvatiya-Azərbaycan dostluq qrupunun üzvləri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli jurnalist və ictimai xadimlər və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev Azərbaycanın qədim və zəngin ədəbiyyatı haqqında ətraflı məlumat vermiş, "Əli və Nino" əsərinin 30-dan çox dilə tərcümə olunduğunu və 100 dəfədən çox nəşr edildiyini vurğulayıb.

Səfir "Əli və Nino" əsərini Azərbaycanda tarixən mövcud olmuş multimədəniyyətlilik və tolerantlıq nümunəsi kimi dəyərləndirib və əsərin əsas məğzinin sülh, dostluq, hörmət və xeyirxahlığın təbliği olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları "Əli və Nino" əsəri haqqında fikirlərini bölüşüb, Azərbaycanın zəngin ədəbiyyatı haqqında danışıblar.

Tədbir Xorvatiyanın ictimai televiziyası və radiosu "HRT 1" tərəfindən işıqlandırılıb və səfir K.Xasiyev "HRT 1"-ə müsahibə verib.

Təqdimat mərasimi tədbir iştiakçılarının şərəfinə verilmiş ziyafətlə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti