...

Dünya şöhrətli heykəltəraş Toni Kreqq Heydər Əliyev Mərkəzində keçiriləcək sərginin tərtibatında bilavasitə iştirak edib (FOTO)

Mədəniyyət Materials 8 Aprel 2014 10:53 (UTC +04:00)
Dünya şöhrətli heykəltəraş Toni Kreqq Bakıdadır. Trend-in məlumatına görə, Toni Kreqq Heydər Əliyev Mərkəzində aprelin 9-da açılacaq fərdi sərgisi ərəfəsində Mərkəzdə olaraq, sərginin tərtibatında bilavasitə iştirak edib.
Dünya şöhrətli heykəltəraş Toni Kreqq Heydər Əliyev Mərkəzində keçiriləcək  sərginin tərtibatında bilavasitə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Dünya şöhrətli heykəltəraş Toni Kreqq Bakıdadır. Trend-in məlumatına görə, Toni Kreqq Heydər Əliyev Mərkəzində aprelin 9-da açılacaq fərdi sərgisi ərəfəsində Mərkəzdə olaraq, sərginin tərtibatında bilavasitə iştirak edib.

Qeyd edək ki, aprelin 9-da Heydər Əliyev Mərkəzində dünya müasir incəsənətinin görkəmli nümayəndələrindən biri, məşhur böyük britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq.

Heydər Əliyev Mərkəzinin Toni Kreqq Studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunan və avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcək.

Toni Kreqq 1949-cu il aprelin 9-da Böyük Britaniyanın Liverpul şəhərində anadan olub. 1966-68-ci illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında texnik işləyib. Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan Toni Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil alıb. O, 1977-ci ildə Böyük Britaniyanı tərk edərək Almaniyanın Vuppertal şəhərinə köçüb və sərgilərlə çıxış etməyə başlayb. O, hazırda, həmçinin Düsseldorf İncəsənət Akademiyasının rektorudur.

Toni Kreqq yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınıb. Hazırda onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Toni Kreqq böyük, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, farfor və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşınqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.

Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti