...

Bakıda "YAY" sərgi salonunda konseptual İran rəssamı Mahmud Bəxşinin fərdi sərgisi açılacaq

Mədəniyyət Materials 20 May 2014 13:42 (UTC +04:00)
Bu ilin may ayında Bakıda yerləşən “YAY” sərgi salonunda konseptual İran rəssamı Mahmud Bəxşinin fərdi sərgisi açılacaq.
Bakıda "YAY" sərgi salonunda konseptual İran rəssamı Mahmud Bəxşinin fərdi sərgisi açılacaq

Azərbaycan, Bakı, 20 may /Trend/

Bu ilin may ayında Bakıda yerləşən "YAY" sərgi salonunda konseptual İran rəssamı Mahmud Bəxşinin fərdi sərgisi açılacaq.

Trend-in məlumatına görə, həmin sərginin kurasiyasını Londonda yaşayıb yaradıcılıq fəaliyyəti ilə məşğul olan incəsənətşünas, incəsənət nəzəriyyəçisi və kurator xanım Darya Kirsanova həyata keçirəcək.

"TalkCloud" adlı sərgi Bakının tarixi mərkəzində yerləşən "YAY" sərgi salonunda təşkil olunacaq.

2012-ci ilin sentyabr ayında təsis olunan "YAY" sərgi salonu müasir Azərbaycan incəsənətinin yerli və beynəlxalq səviyyədə dəstəklənməsi və inkişaf etdirilməsi üzrə "YARAT" Müasir İncəsənət Təşkilatının daha geniş fəaliyyət təşəbbüsünün bir hissəsidir. Sərgi salonu kommersiya əsaslı, lakin mənfəət əldə etmək məqsədi güdməyən təşkilat sayılır. İncəsənət əsərlərinin satışından əldə olunan bütün gəlirlər "YARAT" Müasir İncəsənət Təşkilatının təşəbbüslərinin dəstəklənməsi və rəssamların təminatı üçün istifadə olunur.

Rəssam M.Bəxşi öz əsərlərini 1979-cu ildə baş vermiş İran İslam İnqlabından sonra ölkədə geniş vüsət almış vizual estetika üslubunda yaradır. İran İslam Respublikasının rəmzlərini keyfiyyətcə yeni kontekstə salaraq, o, İran tarixində baş vermiş son olaylar haqqında dərin fikirləşir və həmin hadisələri İran mənliyinin mühitinə uyğunlaşdırmaq məqsədilə qədimdən məlum olan tarixi və ənənəvi nümunələri nümayiş edir.

"TalkCloud" əsəri daxildən işıqlandırılan heykəlləri, şəkilləri və hazırda istehsalda olan videoçarxları birləşdirən fənlərarası layihədir. Bu ilin əvvəlində layihə Tehranın "Niaravan" Mədəniyyət Mərkəzində və Londonun "Narrativ" sərgi salonunda nümayiş olunub. Layihənin konseptual məğzini incəsənətlə İranda və digər ölkələrdə hökm sürən idarəetmə sistemi arasında mövcud olan çoxməqamlı və müxtəlif səviyyəli münasibətlər təşkil edir. Bu münasibətlər M.Bəxşini uzunmüddətli incəsənət araşdırmaları aparmağa sövq edir. Yeni yaradılan əsərdə M.Bəxşi "incəsənətdə siyasi iştirakçılıq" adlanan kateqoriyanın mənşəyini aşkar etməyə çalışır. Fəqət M.Bəxşi sadəcə siyasi hakimiyyətlə kifayətlənmir. O, həmçinin incəsənətlə hakimiyyət uğrunda mübarizənin əsas iştirakçısı sayılan kapital arasında mövcud olan münasibətlərdən bərk narahatdır.

Daxildən işıqlandırılan heykəllər şərti olaraq ənənəvi İran xəttatlıq sənətini əks etdirir, lakin dörd sətirli rübailər əvəzinə heykəllərdə incəsənətin sosial rolunu təsvir edən tanınmış şəxslərin ifadələri yazılıb. Rəssam öz əsərində İran İslam İnqilabının və Rus Böyük Oktyabr İnqilabının rəhbərlərinə (Xomeyniyə və Leninə) məxsus sitatları yerləşdirib. Bundan başqa, işdə İranın hazırkı dini rəhbəri Əli Xamneyinin, "incəsənət iştirakçılığının" və sosialist realizm üslubunun ideoloqu Anatoliy Lunaçarskinin və Endi Uorholun ifadələri də əks olunub.

İncəsənətin sosial roluna diqqəti çəkən ifadələrin məzmunu, digər tərəfdən, süstlənmiş bəzək şəklində həmin ifadələrin təqdim olunması tərzi arasında mövcud olan ziddiyyət konsepsiyalarla zəngin olan paradoksu formalaşdırır. Həmçinin əsərlərin ərsəyə gətirilməsi zamanı istifadə olunan sənaye malları M.Bəxşinin qaba estetika və "Arte Povera" üslubunun maddiliyi ilə məftun olmasını bir daha vurğulayır.

"Mənim Torpağım, Meridian ...° - ...°, orbit ...° - ...°, Yasnaya istinad, Şlyapa 46" adlı səkkiz panelli əsər ilk dəfə olaraq 2004-cü ildə yaradılıb. 2013-cü ildə isə yeni tərzdə düzəldilib və bu zaman hər bir panelə Yasnadan istinadları və coğrafi koordinatları əks etdirən dəmir çərçivə əlavə olunub. Səkkiz panel hazırkı İran ərazisinin səkkiz istiqamətini əks etdirir və tarixən şiddətli döyüşlərin və ciddi münaqişələrin baş verdiyi məkanlara istinad edir. Ölkəni tamamilə dəyişən hadisələr insan şüurunda tarixi "bu hadisələrdən əvvəl" və "bu hadisələrdən sonra" kimi mərhələlərə böldü.

Həmin kontekstdə Zərdüşt adının qeyd olunması fərqli bir anlam səviyyəsinə işarə verir. Bu sitat insanın keçmişi və Vətəni ilə qurduğu nostalji, sentimental münasibətlərdən bəhs edir. Sərgidə nümayiş olunacaq əsər incəsənətin sosial rolunu daha geniş, tarixi və fəlsəfi nöqtəyi-nəzərindən araşdırır.

"Sənəd forması" adlı şəkillər silsiləsi 2012-ci ildə başlanan layihədir. Bu silsilədə istifadə olunmuş rəngli mürəkkəblə çəkilmiş rəqəmsal şəkillər İran-İraq müharibəsi şəhidlərinin adını əbədiləşdirən təbliğat plakatlarına bənzəyir. Konseptual metamorfozu işlək vəziyyətə gətirmək məqsədilə M.Bəxşi həmin obrazları dəyişdirərək sadə, uşaqcasına sadəlövh surətlərə çevirib. O, həmin simvolları daima mövcud olduqları kontekstdən, qələbə əhvali-ruhiyyəli, özünəməxsus səltənətdən qopararaq, onları yeni, sxematik, mücərrəd qrafikalı rəmzlər şəklində təqdim edir.

Rəssam haqqında

1977-ci il təvəllüdlü, Tehranda anadan olmuş M.Bəxşi hazırda Amsterdamın Vizual İncəsənətin Kral Akademiyasında ixtisasartırma kurslarında oxuyur. Onun bu günədək iştirak etdiyi sərgilər sırasında aşağıdakıları qeyd etmək olar: "Buludla Söhbət, "Niaravan" Mədəniyyət Mərkəzi, Tehran və Londonun narrativ sərgi salonu, 2014; "Gələcəyi Xatırlayarkən: inqlabdan sonra İran incəsənəti", "Bruney" sərgi salonu, Şərqşünaslıq və Afrika Tədqiqatları Məktəbi, London Universiteti; "Love Me, Love Me Not: Azərbaycan və qonşu ölkələrin müasir incəsənəti", 2014; 55-ci Beynəlxalq İncəsənət Sərgisi, Venesiya Biennalesi, Venesiya, 2013; "FƏLAKƏT","Taddeus Ropak" sərgi salonu, Paris, Panten, 2013; "Dəyişdirilmiş Təsəvvür", "Teyt Modern" sərgi salonu, London, 2012; "Sənəd Forması", Art Kvandcu Festivalı, 2012; "Bəh Mən", "Aun" sərgi salonu, Tehran və "Taddeus Ropak" sərgi salonu, Paris, 2011; "İştirak edən Rəssam: Orta Əsrlərdə Qrafikanın Heykəltəraşlığa Təsiri, Saatçi sərgi salonu (Layihə Məkanı), London, 2010; "Gəzinti Balonunda Son Səyahət", 4-cü Oklend Triennalesi, 2010; "İran: Yeni Səslər" (Müasir İran Kinematoqrafını və Video Artı Araşdırarkən), Barbikan Mərkəzi, London, 2008; "Yağış altında Aslan" (İranın müasir incəsənəti), Afina, 2008; "İran.Com, Bug ünün İran İncəsənəti, Yeni İncəsənət Muzeyi, Frayburq, 2006.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti