Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Akademik Milli Dram Teatrı bu gün "Xanuma" tamaşası ilə 141-ci teatr mövsümünü bağlayacaq. Teatrdan Trend-ə verilən məlumata görə, 2013-2014-cü illər teatr mövsümü ərzində biri dövlət sifarişi üsulu ilə, 9-u isə daxili imkanlar hesabına olmaqla 10 yeni tamaşa hazırlanıb. Mövsümün son tamaşası Avksenti Saqarelinin "Xanuma" pyesi əsasında hazırlanıb. Eyniadlı tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Tamaşada Xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Əhmədov (Knyaz), Səidə Quliyeva (Makarın anası), Əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato), Elşən Cəbrayılov (Kote), Əsgər Məmmədoğlu (Timoti), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Firuz Xudaverdiyev (Qoca Knyaz), Elnar Qarayev, Elçin Əhmədov, Vüsal Mustafayev, Əlləz Əhmədov (Kintolar) çıxış edirlər.
Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsəri əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz müflislikdın yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir, buna görə də Tiflisin ən yaxşı yengəsi Xanumanı yengə tutur. O, knyaz üçün Quliko adlı qız tapır. Digər tərəfdən, Kabato adlı digər yengə knyazı öz namizədi - varlı tacir Makar Tkvilkotriaşvilinin qızı Keto ilə evləndirmək istəyir. Keto isə müəllimi, Knyazın qardaşı oğlu Koteni sevir. Nəticədə Xanuma qalib gəlir. Knyaz Quliko illə, Kote Keto ilə, Xanuma özü isə Niko ilə evlənirlər.