...

Xanım Qafarova dünyasını dəyişdi

Mədəniyyət Materials 11 İyul 2014 15:55
Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası Xanım Qafarova dünyasını dəyişib.
Xanım Qafarova dünyasını dəyişdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir V.İmanov/

Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası Xanım Qafarova dünyasını dəyişib. Bu barədə Trend-ə Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xanım Abdulqafar qızı Qafarova 1967-ci ildə Bakıda anadan olub. X.Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanıb, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olub, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynayıb.

1987-ci ildə İncəsənət İnstitutunun Musiqili komediya fakültəsinə daxil olub, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayıb. Bu teatr X.Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb edib, ona sənətin sirlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazların yaradıcısı kimi püxtələşdirib. Burada o, R.Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa edib. Bundan başqa, "Heç cür qana bilmirəm", "Bir gün sizinlə", "Bir başqa gecə" və s. şou-konsert proqramları ilə Bakının möhtəşəm sarayları ilə yanaşı, respublikanın əksər kənd və rayonlarında maraqlı və uğurlu çıxışlar edib.

1996-cı ildə X.Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında istedadlı aktrisa "O olmasın, bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da, "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq özünə minlərlə pərəstişkar qazanıb. O, 1997-ci ildə "Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat"a layiq görülüb. 2000-ci ildə sənət sahəsindəki mesenatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri diplomuna layiq görülüb. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə (İlin Aktrisası nominasiyası üzrə) təltif edilib.

Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan X.Qafarova 2003-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Gözəl, güclü, məlahətli səsə malik olan X.Qafarova teatr fəaliyyəti ilə yanaşı, müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edib, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olub. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktrisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub.

9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti