Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Vüqar İmanov
RGA və Z COMPANY 2007 şirkətlərinin təşkilatçılığı ilə ilk dəfə Azərbaycanda "Baku Crystall Hall"ın səhnəsində nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalı keçirilib.
Trend-in məlumatına görə, "Baku Crystall Hall"da Natəvan Mirzəyevanın orijinal dizaynı ilə finalçılar üçün 7 çıxışlı, işıq və lazer effektli, 1700-1800 kvadratmetr sahəsi olan möhtəşəm səhnə quraşdırılmışdı. Dünyanın 70-dən çox ölkəsində yayımlanan bayram gecəsində 5 qitənin gözəlləri iştirak ediblər. Onlar milli geyimlərdə və model-dizayner Günel Behbudovadan gecə paltarlarında podiuma çıxıblar. Gecənin aparıcısı tanınmış televiziya aparıcısı Hüsniyyə Məhərrəmova olub. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, məşhur ifaçılar Demet Akalın, Hakan Levent, Gökhan Özen, İnna və Azərbaycanın gənc ifaçısı Vaqif Nağıyev iştirak ediblər.
Münsiflər heyətinin tərkibinə Azərbaycan, Türkiyə, Braziliya, Yunanıstan və Myanma nümayəndələri daxil olublar. Onlar arasında münsiflər heyətinin sədri, "Miss Globe International" və RGA şirkətinin prezidenti Rasim Aydın, Z COMPANY 2007 şirkətinin prezidenti Zamiq Yunusov, Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə, əlbəyaxa döyüş üzrə beynəlxalq dərəcəli idman ustası Sair İsgəndərov və digərləri olub.
Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloden elan edilib. Qalibə gümüşdən hazırlanmış və G.Behbudovanın dizaynında dağ bülluru ilə bəzədilmiş tac təqdim olunub. Braziliyalı Şeyslin Dos Santos Reys ikinci, türkiyəli Gizem Gören üçüncü, azərbaycanlı Oksana Rizayeva dördüncü, boliviyalı Vivian Susanna Serrano beşinci yerə layiq görülüb. Münsiflər heyəti aşağıdakı iştirakçıları müxtəlif nomisayalarda xüsusi hədiyyələrlə mükafatlandırıb: "Miss National Dress" - Vivian Susanna Serrano Lanos (Boliviya), "Miss Khazar Islands" - Anastasiya Kostiç (Ukrayna), "Miss Cosmopolitan" - Gizelli Riva Reynberqs (Surinam), "Miss Model" - Züleyxa Eliana Verissimo Neves (Kabo-Verde), "Miss Femina" - Qianna Dimaki (Yunanıstan).
"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.
Müsabiqənin informasiya dəstəyi Trend, Day.az və Milli.az-dır.