Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Filologiya elmləri doktoru, yazıçı-türkoloq Minaxanım Təkləli Nuriyevanın "Sarı gəlin" kitabı ictimaiyyətə təqdim edilib.
Trend-in məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının türkülərinin toplandığı bu kitab xalqımızın mənəviyyatının zənginliyini göstərir. Onun sözlərinə görə, kitabda 150-yə yaxın xalq mahnısı çap edilib: "Azərbaycanda 900-1000-ə yaxın xalq mahnısı var. Türkiyədə də xalq mahnılarının sayı daha çoxdur. Bu, yəqin ki, həm onların ərazilərinin genişliyi, həm də apardığı araşdırmalarının sayının çoxluğu ilə bağlıdır".
Bəzi hallarda qədim mahnılarımızın çox pis formada yeniləndiyini deyən Ə.Amaşov buna təəssüfləndiyini də açıqlayıb.
"Kaspi" Təhsil Mərkəzinin və "Kaspi" qəzetinin təsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva isə deyib ki, bu kitab xalqımızın mənəvi həyatında mühüm yer tutan mahnıların mətnlərinin qorunub saxlanılması zərurətindən yaranıb. Kitabda mahnıların müxtəlif - Kərkük, Anadlo və s. varinatları verilib. Alim bununla mahnıların sözlərinin düzgünlüyünü araşdırıb: "Bu kitabdakı mahnılar sanki səpələnmiş incilər idi. Minaxanım onu ipə düzdü".
Alimin yaradıcılığını yüksək qiymətləndirən S.Vəliyeva onun indiyədək türk dünyası ilə bağlı maraqlı araşdırmalar apardığını da söyləyib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli isə deyib ki, bu kitabı türk dünyasını birləşdirən həzin bir vasitə hesab etmək olar: "Bu kitabda mahnıların türk dünyasına aid olan müxtəlif versiyaları var. Bu baxımdan bu kitab türk dünyasını birləşdirən həzin bir vasitədir".