Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün Azərbaycan Dövlət Filarmoniyasında respublika Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor, şair Rəfiq Zəka Xəndanın 75 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə R.Z.Xəndanın zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.
Adətən heca və əruz vəznlərində yazan ədibin əsərlərinin əsas mövzusu türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət olub. O, "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının, həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub.
Görkəmli ədibimiz R.Z.Xəndan "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb və Azərbaycan Dövlət Mükafatı laureatı olub.