Azərbaycan, Bakı, 5 mart /Trend/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və "Kukla" Art Qalereyası tərəfindən Muzey Mərkəzinin sərgi qalereyasında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru-2015" adlı sərgi və konsert keçirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, "Gözəllik nuru" incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub. Hər bir iştirakçı bu ideyanı özünəməxsus şəkildə əks etdirir. Ənənəvi olaraq hər il davamlı surətdə keçirilən bu layihənin növbəti mərhələsi də 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub. "Gözəllik nuru"nun əsas konsepsiyası teatr və musiqi sənəti ilə üzvi şəkildə birləşən təsviri incəsənətdir.
Bu il layihənin əsasında ölkəmizin iki tanınmış qadın rəssamının - İrina Eldarova və Rəna Əmrahovanın yaradıcılığı durur. Onların hər ikisi qadın şəxsiyyətinin sirrini özünəməxsus şəkildə açıqlayır. Bununla belə, R.Əmrahova bu məsələdə mənəvi və emosional təfərrüatlara diqqəti cəlb edirsə, İ.Eldarova intellekt və dünyagörüşünün dərinliyinə varır.
Sərgi rəngkarlıq incəsənətinin başqa bir növü - kukla ustalığı ilə tamamlanır. Muzey Mərkəzinin zallarında "Kukla" Art Qalereyasının kolleksiyasından seçilmiş eksponatları da görmək olar. Bu, dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən yaradılmış qadın obrazlarıdır. Azərbaycanı Pərviz Hüseynov, İrina Qundorina, Tamilla Qurbanova, Fərəh Əliyeva kimi sənətkarları təmsil edirlər.
Təqdimatda konsert də baş tutacaq. Tamaşaçıların qarşısında Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu çıxış edəcək. Zərif cinsin nümayəndələrini bayram münasibətilə Pantomima və Kukla teatrlarının kollektivi də təbrik edəcəklər.