Azərbaycan, Bakı, 18 mart /Trend/
Azərbaycanın xalq rəssamı, dünya şöhrətli sənətkar Tahir Salahov Fransa Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə İçərişəhərdə, T.Salahovun ev-muzeyində təqdimat mərasimi keçirilib.
Hökumət rəsmilərinin, Bakıdakı diplomatik korpusun nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Paskal Mönye bildirib ki, T.Salahov öz əsərləri ilə Qərb və Şərq arasında körpü yaradan sənətkarlardandır. O, özünəməxsus tərzdə - boyaların dili ilə Fransa xalqının da qəlbini fəth edib. Rəssam Parisdə təşkil edilən sərgilərində Azərbaycan xalqının malik olduğu yüksək mədəni dəyərləri bir daha qərb tamaşaçılarının diqqətinə çatdırıb.
Diplomat deyib ki, sənətkarın əsərlərinə qiymət verən fransız modelyer Pyer Kardin öz məqaləsində rəssamı tarixdə böyük iz qoyacaq sənətkar kimi dəyərləndirərək, onun əsərlərində xüsusi bir reallıq olduğunu vurğulayıb: "Biz bu yüksək mükafatı Tahir Salahova Fransada təqdim etmək niyyətində idik. Lakin sənətkar israrla burada, Bakıda təqdim olunmasını istədi. Bu, bir daha onun doğma yurda bağlılığını, Azərbaycana sevgisini göstərir".
Səfir Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan "Şərəf Legionu" ordenini T.Salahova təqdim edib.
T.Salahov da öz növbəsində, səfirə və Fransa dövlətinin başçısına minnətdarlığını bildirib.
Dünya şöhrətli rəssam deyib: "İlk dəfə 1963-cü ildə Fransada təşkil edilən sərgidə gənc rəssam kimi iştirak etməyimə baxmayaraq, əsərlərim sevildi. Dünya şöhrətli bəstəkar Qara Qarayevin portreti xüsusi maraqla qarşılandı".
Sənətkar bildirib ki, bu gün məhz burada toplaşmağımıza səbəb Bakının ürəyi sayılan qədim İçərişəhərdir: "Çünki İçərişəhərdə M.Lermontov, A.Düma, M.Rostropoviç, P.Kardin kimi neçə-neçə bənzərsiz söz və incəsənət xadimləri olub. Bu baxımdan da təqdimatın burada təşkili mənim üçün olduqca əhəmiyyətlidir".
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən T.Salahov bu mükafatı təkcə özünə yox, bütövlükdə Azərbaycan təsviri sənətinə verilən yüksək qiymət kimi dəyərləndirib.