Azərbaycan, Bakı, 2 aprel /Trend/
Ağcabədi və Quba rayonlarında uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün tanınmış musiqiçilərin ustad dərsləri keçiriləcək.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edir.
Trend nazirliyin saytına istinadən məlumat verir ki, 2015-ci ilin fevral ayında Bakı və Sumqayıt şəhərlərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə bölgədə fəaliyyət göstərən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi məktəblərinin (cəmi 43 məktəb) müəllim və şagirdləri üçün tar, kamança, saz və violin ixtisasları üzrə ustad dərsləri keçirilib.
Cari ilin 11 aprel tarixində Quba şəhərində Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən rayon uşaq musiqi və incəsənət məktəblərinin, 22 aprel tarixində Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Zərdab rayon, habelə bölgədə fəaliyyət göstərən Laçın və Xocavənd rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, tar, kamança və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçiriəcək.
Ustad dərslərini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, Xalq Artisti Ramiz Quliyev və Əməkdar İncəsənət Xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Xalq Artisti Zabit Nəbizadə və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin metodist-müəllimi Zərifə Məmmədyarova aparacaqlar.