...

İspaniyanın flamеnko qrupu Heydər Əliyev Mərkəzində “Karmen” şousunu təqdim edəcək

Mədəniyyət Materials 6 May 2015 08:16 (UTC +04:00)
İyunun 13-də Heydər Əliyev Mərkəzində İspaniyanın flamenko qrupu tamaşaçılara məşhur “Karmen” əsərini yeni quruluş-caz, ərəb musiqisi elementləri, salsa və flamenko rəqsinin sintezi ilə təqdim edəcək
İspaniyanın flamеnko qrupu Heydər Əliyev Mərkəzində “Karmen” şousunu təqdim edəcək

Azərbaycan Bakı, 5 may /Trend/

İyunun 13-də Heydər Əliyev Mərkəzində İspaniyanın flamenko qrupu tamaşaçılara məşhur "Karmen" əsərini yeni quruluş-caz, ərəb musiqisi elementləri, salsa və flamenko rəqsinin sintezi ilə təqdim edəcək.

Fransız yazıçı Prosper Merimenin və bəstəkar Corc Bizenin "Karmen" operası əsasında səhnələşdirilmiş şou Antonio Andrade və onun qrupu tərəfindən müasir flamenko ruhunda hazırlanıb.

İki saata yaxın davam edəcək flamenko gecəsində izləyicilərə möhtəşəm vokal ifa və rəqs performansları təqdim olunacaq.

Şouda Karmen obrazını Malaqa şəhərindən olan rəqqasə və xoreoqraf Ursula Moreno yaradır. Unikal ifa texnikası, təkrarolunmaz plastikası və unikal aktyorluq qabiliyyətinə görə onu "müasir flamenkonun ümidi" adlandırırlar. Malaqada Musiqi və Rəqs Kral Akademiyasını bitirmiş, bir sıra flamenko ustadlarından dərs alımış rəqqasə karyerası ərzində bir sıra uğurlara imza atıb. O, 2010-cü ildə Ronda Milli Flamenko Müsabiqəsində ikinci yerə, 2011-ci ildə isə həmin yarışmada "Ən yaxşı Kanya rəqqasəsi" mükafatına layiq görülüb. Malaqada Flamenko Mədəniyyət Mərkəzinin təsisçisi və rəhbəri olan Ursula Moreno hazırda pedaqoqluq fəaliyyəti göstərir, eyni zamanda Antonio Andradenin truppasında solo karyerasını davam etdirir.

Qrupun rəhbəri Antonio Andrade Sevilya yaxınlığında yerləşən və flamenko ənənələri güclü olan Pueble-de-Kasalya kəndində anadan olub. O, bu qədim incəsənət növünün təsirində böyüyüb və kiçik yaşlarından gitara çalmağa başlayıb. Karyerası boyu tanınmış flamenko ustaları ilə birgə çalışan Antonio Andrade Avropa ölkələri, ABŞ, Yaponiyada verdiyi konsertlərlə tamaşaçıların rəğbətini qazanıb.

Müasir "Karmen" şousunun debütü 1998-ci ildə Berlində "Alman Opera Evi"ndə olub. Səhnə performansının Bakıdan sonra Danimarka və İsveçrədə təqdimatları nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti