...

"Atəşgah məbədi"ndə yeni muzey ekspozisiyasının təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 15 May 2015 19:33 (UTC +04:00)
Bu gün I Avropa Oyunları ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda yeni qurulmuş muzey ekspozisiyasının təqdimatı olub.
"Atəşgah məbədi"ndə yeni muzey ekspozisiyasının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Vüqar İmanov/

Bu gün I Avropa Oyunları ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda yeni qurulmuş muzey ekspozisiyasının təqdimatı olub.

Trend-in məlumatına görə, təqdimat zamanı jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi"nin özünəməxsus yeri olduğunu vurğulayıb: "Prezident İlham Əliyev tərəfindən tarixi abidələrin qorunmasına, təbliğinə böyük diqqət və qayğı göstərilir. "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu yaradıldıqdan sonra ərazidə arxeoloji işlər aparılaraq tarixi abidə tədqiq edilməyə başlanıldı. Bərpa işləri həyata keçirildi. Bu tarixi məkan hər zaman səyyahların, elm adamlarının diqqət mərkəzində olub. İldən-ilə "Atəşgah"a gələn turistlərin sayında artım müşahidə edilir".

Qeyd olunub ki, I Avropa Oyunları ərəfəsində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda bərpa işlərinin yekunlaşması ilə əlaqədar yeni ekspozisiya qurulub. Ekspozisiyada qoruq ərazisindən tapılan eksponatlarla yanaşı, Abşeron yarımadasında aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim əşyalar da nümayiş olunur.

Hücrələrdə yerləşdirilən həmin eksponatlar haqqında ətraflı məlumatların yer aldığı elektron tablolar quraşdırılıb. Elektron tablolarda məlumatlar Azərbaycan və ingilis dillindədir. Buraya gələn hər bir turist "Atəşgah məbədi"nin qədim tarixi, odun qorunması, burada həyata keçirilən dini ayinlər, XIX əsrdə Suraxanıda neft sənayesinin inkişafı və son dövrdə aparılmış arxeoloji və bərpa işlərinə qədər bütün məlumatları elektron tablolar vasitəsi ilə, 3D formatında əldə edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə abidənin ərazisi "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib və qoruq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Ölkə başçısının sərəncamına əsasən 2009-2013-cü illərdə burada genişmiqyaslı bərpa və konservasiya, elmi tədqiqat, abadlaşdırılma işləri həyata keçirilib. Bərpa zamanı məbədin hücrələrində müasir havalandırma sistemi qurulub, turistlərin rahatlığı üçün şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti