Bakı. Trend:
La Liqa, Kataloniya klubu “Barselona”nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyata alınması ilə bağlı sorğusuna mənfi cavab verib.
Trend xəbər verir ki, qurumun mətbuat xidmətinin açıqlamasına əsasən, “Barselona” yanvarın 3-də maliyyə tələblərini yerinə yetirsə də, bu, hər iki futbolçuya lisenziya verilməsi üçün kifayət etməyib.
Buna əsas səbəb RFEF-in Ümumi reqlamentinin 130.2 və 141.5-ci maddələrinin tələbləridir. Həmin qaydalara görə, mövsüm ərzində lisenziyası ləğv edilən futbolçu həmin mövsümdə eyni komandada yeni lisenziya əldə edə bilməz.
Kataloniya klubu qərarla razılaşmadığını bildirərək, məsələni məhkəməyə daşıyacağını bəyan edib.