Bakı. Trend:
Ötən ilin dekabr ayının sonunda Aktau şəhəri yaxınlığında qəzaya uğramış "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəza səbəblərinin istintaqı üzrə yekun hesabat ən geci 3 il sonra təsdiq olunacaq.
Trend xəbər verir ki, bu barədə "TASS" Qazaxıstanın nəqliyyat nazirliyinə istinadən məlumat yayıb.
"25 dekabr 2024-cü il tarixində "Azərbaycan Hava Yolları"nın istismarında olan 4K-АZ65 qeydiyyat nömrəli "Embraer E190AR" hava gəmisi ilə bağlı baş vermiş aviaqəzanın istintaqı Qazaxıstan Respublikasının investisiyalar və inkişaf üzrə nazirinin 27 iyul 2017-ci il tarixli 505 saylı əmrinə uyğun olaraq aparılır. Əmrin 32-ci bəndinə əsasən insan itkisi ilə nəticələnmiş aviaqəzanın istintaqının müddəti komissiyanın yaradıldığı andan aviaqəzanın istintaqının nəticələrinə dair yekun hesabatın təsdiq olunduğu tarixə qədər əlavə araşdırmalar tələb olunmadıqda adətən 36 aydan çox çəkmir", - deyə nazirliyin məlumatında bildirilib.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" təyyarəsində 62 sərnişin və 5 ekipaj üzvü - ümumilikdə 67 nəfər olub. Təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.